ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi Hörmüz boğazında gəmiçiliyə ciddi təsir göstərib. "Bloomberg" agentliyinin məlumatına görə, son günlər bir sıra neft tankerləri boğazdan keçərkən izlənilməmək üçün siqnal ötürücülərini söndürərək hərəkət edib.
Agentliyin "Kpler" analitik şirkətinin ilkin məlumatları əsasında apardığı təhlilə görə, bazar günü Hörmüz boğazından keçən altı xam neft tankerinin hamısı Avtomatik Tanıma Sistemi (AIS) transponderlərini deaktiv edib. Son üç gün ərzində qeydə alınan belə "qaranlıq keçidlər"in sayı açıq şəkildə izlənilən keçidləri üstələyib.
AIS məlumatları göstərir ki, bugün boğazdan yalnız kiçik həcmli bir tanker və bir quru yük gəmisi keçməyə cəhd edib. Müşahidəçilərin fikrincə, bu gəmilərdən biri qeyri-rəsmi olaraq "kölgə donanması" adlandırılan donanmaya aid ola bilər.
Analitiklər bildirirlər ki, son günlər bir çox gəmi qəfil Fars və ya Oman körfəzində peyda olur, halbuki onların son qeydiyyata alınmış koordinatları boğazın tam əks tərəfində qeydə alınıb. Bu isə tankerlərin keçid zamanı izləmə sistemlərini söndürdüyünü göstərən əsas əlamətlərdən hesab olunur.
Mütəxəssislərin fikrincə, gəmi sahiblərinin belə addım atmasının əsas səbəbi ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələrin davam etməsi, eləcə də tərəflərin Hörmüz boğazına nəzarətlə bağlı ziddiyyətli açıqlamalarıdır.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bazar ertəsi bildirib ki, ABŞ-ın dəstəklədiyi marşrutlardan istifadə edən gəmilər təhlükə altında hesab olunur.
Hazırda Oman sahilləri boyunca uzanan cənub marşrutunda qanuni gəmi keçidləri demək olar ki, tam dayanıb. Son belə keçid ötən çərşənbə günü qeydə alınıb. İranın təhlükəsiz hesab etdiyi şimal dəhlizində isə şənbə gününədək məhdud sayda gəmi hərəkəti müşahidə olunurdu.
Məlumata görə, İranın Oman istiqamətində hərəkət edən bəzi gəmilərə, o cümlədən transponderlərini söndürmüş tankerlərə qarşı həyata keçirdiyi hücumlar dəniz daşıyıcılarının bu marşrutdan istifadəni azaltmasına səbəb olub.
Alternativ kimi istifadə olunan şimal marşrutu da risklərdən kənar deyil. Gəmi operatorları burada İran tərəfindən mümkün əlavə ödəniş tələbləri, eləcə də ABŞ sanksiyaları ilə üzləşə biləcəklərindən ehtiyat edirlər.
"Bloomberg" qeyd edir ki, transponderləri söndürməklə Hörmüz boğazından keçid halları ilk dəfə bu ilin aprel ayında geniş yayılmağa başlayıb. Həmin dövrdə Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindən neft ixracı üçün belə tankerlərdən istifadə etdiyi bildirilirdi. Analitiklər hesab edirlər ki, bu praktika müharibə fonunda bazarda gözlənilən neft qıtlığının daha kəskin hiss olunmasının qarşısını qismən alıb.
Həftəsonu ABŞ və İran Hörmüz boğazının statusu ilə bağlı bir-birinə zidd bəyanatlar səsləndirib. Tehran boğazdan keçidin yalnız İranın icazəsi ilə mümkün olduğunu açıqladığı halda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) beynəlxalq gəmiçilik marşrutlarının açıq qaldığını və kommersiya gəmilərinin hərəkətini davam etdirdiyini bəyan edib.
Son yeddi gün ərzində İran qüvvələrinin dörd gəmiyə hücum etdiyi bildirilir. Hücumların hamısı Oman ərazisində yerləşən Musəndam yarımadasının şimal-şərq hissəsində baş verib. Bu isə həmin gəmilərin ABŞ tərəfindən təhlükəsiz hesab edilən cənub marşrutu ilə hərəkət etdiyini göstərir.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar gününə keçən gecə "qanunsuz marşrutdan istifadə etməklə gəmiçiliyin təhlükəsizliyini pozduğunu" iddia etdiyi iki gəmini saxladığını açıqlayıb.
MONETAR.AZ