“Tesla” şirkətinin icraçı direktoru İlon Mask uzun müddətdir təxirə salınan yeni nəsil “Roadster” elektrik idman avtomobilinin oktyabrın 1-də təqdim olunacağını açıqlayıb. Beləliklə, modelin ilk dəfə nümayiş etdirilməsindən təxminən 10 il sonra onun təqdimat tarixi rəsmiləşib.
“Tesla” “X” sosial şəbəkəsində oktyabrın 1-i tarixini əks etdirən qrafik paylaşaraq “Go for launch” (“Buraxılışa hazırdır”) ifadəsini yazıb. İlon Mask isə həmin paylaşımın şərh bölməsində “New Tesla Roadster Unveil 10.01” qeydini edib.
Açıqlama “The Information” nəşrinin avqust ayında yaydığı məlumatdan sonra gəlib. Nəşrin məlumatına görə, “Tesla” yenilənmiş “Roadster” modelinin təqdimatına hazırlaşır. Tədbirdə “SpaceX” ilə birgə hazırlanmış və soyuq qazla işləyən qaz-dinamik mühərriklərlə təchiz olunan məhdud sayda xüsusi versiyanın da nümayiş etdirilməsi gözlənilir. Təqdimatın Texas ştatının Makqreqor şəhərində yerləşən “SpaceX” sınaq poliqonunda keçirilməsi planlaşdırılır.
“Tesla” yeni nəsil “Roadster”i ilk dəfə 2017-ci ildə nümayiş etdirib və avtomobilin tədarükünə 2020-ci ildə başlanmasını nəzərdə tutub. Lakin şirkətin diqqətini digər məhsul və texnologiyalara yönəltməsi layihənin dəfələrlə təxirə salınmasına səbəb olub.
Bu müddətdə “Roadster”in konsepsiyası da ciddi şəkildə dəyişib. Şirkət əvvəlcə “Model S Plaid” komponentlərinə əsaslanan yanaşmanı nəzərdən keçirsə də, sonradan bu plandan imtina edərək modeli karbon lifindən hazırlanmış tamamilə yeni hiperkar kimi layihələndirib.
“Roadster”in təqdimatı “Tesla”nın avtonom nəqliyyat sahəsində fəaliyyətini genişləndirdiyi dövrə təsadüf edir. Şirkət ötən həftə Texas ştatının Ostin şəhərinin məhdud ərazilərində iki nəfərlik, tam avtonom “Cybercab” avtomobilləri ilə ödənişli sərnişindaşıma xidmətinin nümayişinə başlayıb.
Rul və pedalları olmayan “Cybercab” modeli İlon Mask tərəfindən “Tesla”nın pilotsuz nəqliyyat vasitələri sahəsində böyükmiqyaslı biznes qurmaq strategiyasının əsas elementlərindən biri kimi təqdim edilir.
Oktyabrın 1-də keçiriləcək tədbir “Tesla” üçün yeni məhsul təqdimatından daha geniş əhəmiyyət daşıya bilər. Şirkət bununla investorların diqqətini mövcud elektromobil modelləri ilə yanaşı, avtonom idarəetmə və digər qabaqcıl texnologiyalara da yönəltməyə çalışır.
MONETAR.AZ