Bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli olmaqla üç hədd müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov “BOKT-lər: Tənzimləmə çərçivəsi və bazar transformasiyası” mövzusunda keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 53 BOKT fəaliyyət göstərir. Onlardan 14-də xarici kapital iştirak edir, 32 BOKT-nin isə filial şəbəkəsi mövcuddur. Filialların 84 faizi Bakı şəhərindən kənarda yerləşir ki, bu da BOKT-lərin banklarla müqayisədə regionlarda daha geniş təmsil olunduğunu göstərir.
Xəyyam İsmayılov bildirib ki, ölkədə BOKT-lərin istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 faiz təşkil edir. Tənzimləmədə əsas məqsədlərdən biri BOKT-lərin cəlb etdiyi vəsaiti daha yüksək faizlərlə müştərilərə təqdim etməsinin qarşısını almaqdır.
Onun sözlərinə görə, BOKT-lər kifayət qədər kapitala malik olmalıdır. Belə ki, təşkilatın kapitalı 5 milyon manat təşkil edirsə, onun öhdəliklərinin müəyyən edilmiş hədlər çərçivəsində 5 milyon və ya 15 milyon manat səviyyəsində olması nəzərdə tutulur.
Yeni yanaşmanın əsas məqsədi BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi və onların üzərinə götürdüyü öhdəliklərin kapital imkanları ilə uyğunlaşdırılmasıdır.