Portuqaliya yanğına meylli ərazilərdə keçi otarılmasını maliyyələşdirməyə çağırır

Portuqaliya yanğına meylli ərazilərdə keçi otarılmasını

Portuqaliyada meşə yanğınları riskinin yüksək olduğu ərazilərdə heyvan otaran çobanların fəaliyyətinin Avropa İttifaqının (Aİ) büdcəsi hesabına maliyyələşdirilməsi təklif edilir.

“Politico”nun məlumatına görə, təşəbbüslə Portuqaliyanın kənd təsərrüfatı naziri Xose Manuel Fernandes çıxış edib. Onun sözlərinə görə, keçi, qoyun və inəklərin otarılması meşəlik ərazilərdə bitki örtüyünün və yanacaq materiallarının azalmasına, bununla da yanğın riskinin aşağı salınmasına kömək edə bilər.

Portuqaliya və İspaniyanın bəzi regionlarında artıq bu istiqamətdə milli proqramlar həyata keçirilir. Fernandes bildirib ki, Portuqaliya hazırda bu fəaliyyətləri milli vəsaitlər hesabına maliyyələşdirir, lakin görülən işlərin nəticəsi bütün Aİ üçün faydalıdır.

Nazir qeyd edib ki, Avropa İttifaqının Vahid Kənd Təsərrüfatı Siyasəti çərçivəsində ayrılan vəsaitlərin 42 faizi ekoloji məqsədlərə yönəldilir və fermerlər bu prosesdə mühüm rol oynayırlar.

Fernandes heyvanların otarılmasına görə fermerlərə ödənişlərin Aİ-nin istixana qazı emissiyalarının azaldılması məqsədilə tətbiq etdiyi emissiya kvotalarının ticarətindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilməsini təklif edib.

Beləliklə, təşəbbüs həm kənd təsərrüfatı ilə məşğul olan fermerlərə əlavə dəstək verməyi, həm də meşə yanğınlarının qarşısının alınmasında təbii üsullardan daha geniş istifadəni nəzərdə tutur.

MONETAR.AZ