"Volkswagen" münasib qiymətli elektrikli krossoverini təqdim edib

"Volkswagen" münasib qiymətli elektrikli krossoverini

"Volkswagen AG" Avropa bazarında elektromobillərə artan tələbat fonunda təxminən 28 min avro (32 min ABŞ dolları) dəyərində yeni kompakt elektrik krossoverini təqdim edib. Şirkətin yaydığı məlumata görə, "ID. Cross" modeli artıq sifariş üçün əlçatandır, daha kiçik tutumlu batareyaya malik versiyanın satışına isə sonrakı mərhələdə başlanılacaq.

Yeni model **"Volkswagen"**in münasib qiymətli elektromobil strategiyasının tərkib hissəsidir. Bu xəttə həmçinin "Polo", "Cupra Raval" və "Skoda Epiq" modelləri daxildir. Sözügedən avtomobillərin hamısı istehsal xərclərinin daha aşağı olması səbəbindən İspaniyada yığılacaq.

Şirkətin qərarı Avropada elektrik avtomobillərinə marağın sürətlə artdığı dövrə təsadüf edir. Cari ilin ilk beş ayında tam elektrikli və qoşulan hibrid (plug-in hybrid) avtomobillərin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq ümumi yeni avtomobil qeydiyyatlarının üçdə birindən çoxunu təşkil edib. Almaniya və Fransada tətbiq olunan dövlət subsidiyaları, həmçinin Yaxın Şərqdəki gərginlik fonunda yanacaq qiymətlərinin yüksəlməsi bu keçidi daha da sürətləndirib.

Bununla yanaşı, Avropa bazarında Çin istehsalçılarının rəqabəti də güclənməkdə davam edir. "BYD Co." və "Chery Automobile Co." may ayında ilk dəfə olaraq Avropa elektromobil bazarının təxminən 10%-ni ələ keçiriblər. "Chery" şirkətinin "Jaecoo 7" modeli isə ilin ilk yarısında Böyük Britaniyada ən populyar krossoverlər arasında üçüncü yeri tutub.

"Volkswagen"in baş icraçı direktoru Oliver Blume ötən həftə Çin istehsalçılarının bazar payını bu qədər qısa müddətdə artırmasının şirkət üçün gözlənilməz olduğunu bildirib. Çində satışların zəifləməsi və ABŞ bazarında tələbatı artırmaq istiqamətində çətinliklərin davam etməsi fonunda Avropa bazarı alman avtomobil istehsalçısı üçün strateji əhəmiyyətini daha da artırıb.

Şirkət eyni zamanda qlobal restrukturizasiya proqramını da müzakirə edir. Plana əsasən, dünya üzrə 100 minə qədər iş yerinin ixtisarı və Almaniyadakı bəzi istehsal müəssisələrinin bağlanması imkanları nəzərdən keçirilir.

MONETAR.AZ