Hörmüz boğazında yaranan geosiyasi gərginlik fonunda yükdaşımaların alternativ marşrutlara yönləndirilməsi müzakirə olunsa da, avtomobil nəqliyyatı dəniz daşımalarının yerini tuta bilməyəcək. Dünyanın ən böyük logistika şirkətlərindən biri olan “Kuehne+Nagel”in baş icraçı direktoru Ştefan Paul “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, yük avtomobilləri daşıma tutumu baxımından gəmi nəqliyyatını əvəz etmək gücündə deyil.
Onun sözlərinə görə, Fars körfəzi ölkələrinə malların quru marşrutları ilə çatdırılması yalnız məhdud həcmdə alternativ rolunu oynaya bilər və uzunmüddətli həll hesab edilmir. Əsas səbəb isə daşıma imkanları arasındakı kəskin fərqdir. Belə ki, müasir iri konteyner gəmiləri bir reysdə 20 mindən artıq konteyner daşıya bildiyi halda, bir yük avtomobili maksimum iki konteyner nəql edə bilir.
İrandakı müharibə səbəbindən fevral ayının sonunda Hörmüz boğazının bağlanması Körfəz ölkələrinin təchizat zəncirində ciddi dəyişikliklər yaradıb. Dəniz marşrutlarının məhdudlaşması nəticəsində logistika şirkətləri malların daşınması üçün quru yollarına üstünlük verməyə başlayıblar. Bu isə Fars körfəzindən kənarda yerləşən limanlarda və əsas avtomobil marşrutlarında ciddi yüklənməyə səbəb olub.
Xüsusilə Oman və Birləşmiş Ərəb Əmirlikləri arasındakı sərhəd-keçid məntəqələrində kilometrlərlə uzanan yük avtomobili növbələri formalaşıb. Artan tələbat fonunda logistika xərcləri də yüksəlib. Məlumata görə, bir yük avtomobilinin aylıq icarə haqqı təxminən 8 min dollara çatıb ki, bu da müharibədən əvvəlki dövrlə müqayisədə 25% çoxdur.
Bununla yanaşı, Ştefan Paul qeyd edib ki, region üzrə yükdaşımalar hələ də tam bərpa olunmayıb. Onun qiymətləndirməsinə əsasən, Körfəz ölkələrinə daşımalar üzrə sifarişlərin (bronların) həcmi hazırda müharibədən əvvəlki səviyyədən təxminən 50% aşağı olaraq qalır.
Logistika bazarındakı mövcud vəziyyət göstərir ki, quru nəqliyyatı fövqəladə hallarda müəyyən yükü öz üzərinə götürə bilsə də, Hörmüz boğazı kimi strateji dəniz marşrutlarının iqtisadi əhəmiyyətini və daşıma potensialını əvəz etmək imkanına malik deyil.
MONETAR.AZ