Böyük Britaniya süni intellekt layihələrinə iri həcmli investisiyalar ayırır

Böyük Britaniya süni intellekt layihələrinə iri həcmli

Böyük Britaniya hökuməti bioloji təhlükələrlə mübarizə, kibertəhlükəsizliyin gücləndirilməsi və kritik infrastrukturun qorunması üçün süni intellekt (Sİ) texnologiyalarının inkişafına təxminən 600 milyon funt-sterlinq (800 milyon dollar) vəsait ayırıb.

Maliyyələşmənin əsas hissəsi yeni bioloji təhlükələrin aşkarlanması və onlara operativ cavab verilməsi imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Proqram çərçivəsində bioloji təhlükələri müəyyənləşdirəcək Sİ əsaslı laboratoriyanın yaradılmasına 100 milyon funt-sterlinq, təhlükəli patogenlərə qarşı cavab tədbirlərinin hazırlanmasına isə əlavə 65 milyon funt-sterlinq ayrılması nəzərdə tutulur.

Süni intellekt məsələləri üzrə nazir Kanişka Narayan bildirib ki, hökumət “AI Biosecurity Lab” laboratoriyasını elmi ekspertiza və qabaqcıl texnologiyaları birləşdirən, əhalinin sağlamlığının qorunmasına xidmət edən aparıcı beynəlxalq mərkəzə çevirmək niyyətindədir.

“OpenAI” və “Anthropic” şirkətləri təşəbbüs çərçivəsində öz süni intellekt modellərindən istifadə üçün kreditlər formasında 200 milyon funt-sterlinqədək vəsait təqdim edəcəklər. “Google DeepMind” və Londonun “Basecamp Research” biotexnologiya startapı da layihəyə dəstək göstərəcək.

Bundan əlavə, hökumət süni intellekt sistemlərinin artan imkanları ilə bağlı risklərin araşdırılmasını genişləndirmək üçün mövcud “AI Security Institute” institutuna daha 120 milyon funt-sterlinq ayıracaq.

Kritik infrastrukturun və iqtisadiyyatın müdafiəsini gücləndirmək məqsədilə kibertəhlükəsizlik sahəsində iki təşəbbüsə ümumilikdə 130 milyon funt-sterlinq ayrılacaq.

Söhbət təhlükəsizlik sistemlərindəki zəifliklərin aşkarlanması və aradan qaldırılmasına yönəlmiş “National Cyber Shield” və “National Exposure and Real-Time Vulnerability Centre” layihələrindən gedir.

Daha 60 milyon funt-sterlinq robototexnika, avtonom sistemlər və istehsalat üçün süni intellekt həlləri hazırlayan Britaniya şirkətlərinə investisiyaların dəstəklənməsinə yönəldiləcək.

Hökumət süni intellekt sahəsində elmi tədqiqatlar və satınalma müqavilələri üçün əlavə 60 milyon funt-sterlinq, texnologiyanın iqtisadi təsirinin öyrənilməsinə isə 23 milyon funt-sterlinq ayırıb.

Maliyyələşmə planına çip layihələndirilməsi üzrə akademiyanın yaradılması üçün 18 milyon funt-sterlinq və əsasən səhiyyə sahəsində dövlət siyasətinə yönəlmiş süni intellekt həllərinin dəstəklənməsi müsabiqəsi üçün 15 milyon funt-sterlinq də daxildir.

Regional merlər yerli süni intellekt təşəbbüslərinin dəstəklənməsi məqsədilə 30 milyon funt-sterlinq alacaqlar. Böyük Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinə isə Mançesterdəki fəaliyyətini genişləndirmək üçün əlavə maliyyə ayrılması nəzərdə tutulur. Bu vəsaitin məbləği hələ açıqlanmayıb.

Qərar süni intellekt şirkətlərinin texnologiyaların hazırlanmasına böyük həcmdə vəsait xərclədiyi bir dövrdə qəbul edilib. “Reuters”in məlumatına görə, “Anthropic” şirkətinin təkcə ötən il əməliyyat xərcləri 12 milyard dolları ötüb.

MONETAR.AZ