BRİS çərçivəsində süni intellekt əməkdaşlığı təklif edilib

BRİS çərçivəsində süni intellekt əməkdaşlığı

Çin ABŞ-la texnoloji rəqabətin gücləndiyi bir vaxtda süni intellekt sahəsində beynəlxalq təsirini artırmağa çalışır. “Bloomberg”in məlumatına görə, Çin Xalq Respublikasının Sədri Si Tszinpin Nyu-Delidə keçirilən BRİKS sammitindən istifadə edərək açıq ilkin koda əsaslanan Çin yanaşmasını qlobal səviyyədə təşviq edib.

Si Tszinpin Çinin açıq kodlu süni intellektə yönəlmiş BRİKS birliyinin yaradılmasına rəhbərlik etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Pekin böyük dil modellərinin hazırlanması və tətbiqi üzrə əməkdaşlığı, həmçinin BRİKS ölkələri üçün seminar və təlim proqramlarının təşkilini dəstəkləyəcək.

Bu təşəbbüs Pekinin təxminən 30 ölkəni birləşdirən Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatını yaratmasından sonra irəli sürülüb. Si Tszinpin BRİKS ölkələrini də həmin təşkilata qoşulmağa dəvət edib və süni intellekt sahəsində daha sıx əməkdaşlığa çağırıb. Çin lideri açıq layihələrin inkişafını, texnologiya mübadiləsini və beynəlxalq əməkdaşlığı təşviq edib.

Pekinin yanaşması ABŞ-də “OpenAI” və “Anthropic” kimi şirkətlərin üstünlük verdiyi qapalı model strategiyasına alternativ formalaşdırmaq məqsədi daşıyır. Çin daxili və xarici istifadəçilər üçün daha əlçatan süni intellekt texnologiyalarından ibarət ekosistem yaratmağa çalışır.

Bununla belə, Si Tszinpinin təşəbbüsünün BRİKS ölkələri tərəfindən hansı səviyyədə dəstəkləndiyi hələlik tam aydın deyil. Hindistan və BƏƏ də daxil olmaqla təşkilatın üzvlərinin şənbə günü qəbul etdiyi birgə bəyanatda Çin liderinin bu təklifinə birbaşa dəstək ifadə olunmayıb. Sənəddə bunun əvəzinə süni intellekt resurslarına çıxışın genişləndirilməsi, texnologiyaların təhlükəsizliyi, etibarlılığı və inklüzivliyinin təmin olunması üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Çinin süni intellekt sahəsində fəallığını artırması texnologiyaya çıxış və onun tənzimlənməsinin Pekinlə Vaşinqton arasında əsas rəqabət istiqamətlərindən birinə çevrildiyi dövrə təsadüf edir. Çin rəsmiləri ABŞ-nin tətbiq etdiyi qara siyahılar, qapalı sistemlər və texnoloji məhdudiyyətlərin qlobal süni intellekt təchizat zəncirini parçalaya və texnoloji bərabərsizliyi daha da dərinləşdirə biləcəyini bildirirlər.

Digər tərəfdən, Pekinin açıq kodlu süni intellektə dəstəyi tamamilə sərhədsiz deyil. Si Tszinpin texnoloji inkişafla təhlükəsizlik arasında balansın qorunmasının vacibliyini vurğulayıb. Çinli ekspertlər isə daha əvvəl ən qabaqcıl süni intellekt modellərinin imkanlarına çıxışın müəyyən dərəcədə məhdudlaşdırıla biləcəyini istisna etməyiblər.

BRİKS çərçivəsində irəli sürülən bu təşəbbüs Çinə süni intellekt texnologiyalarının inkişafı, yayılması və tənzimlənməsi ilə bağlı öz yanaşmasını inkişaf etməkdə olan iri iqtisadiyyatlar arasında təşviq etmək üçün əlavə imkan yaradır. Bu addım həm də Pekinin süni intellekt sahəsində ABŞ dominantlığına alternativ beynəlxalq ekosistem formalaşdırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

MONETAR.AZ