2026-cı ilin sentyabrında ChatGPT qlobal süni intellekt çatbotlarının saytlarına edilən ziyarətlərin 56,4%-ni təşkil edib. Google-un Gemini platforması 25%-lə ikinci, Claude isə 9,6%-lə üçüncü yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, Similarweb məlumatları əsasında hazırlanan təhlilə görə, sentyabrda ChatGPT saytına təxminən 5,9 milyard, Gemini-yə 2,6 milyard, Claude-a isə 1 milyard ziyarət qeydə alınıb.
Beləliklə, ilk iki platforma birlikdə çatbot saytlarına edilən bütün ziyarətlərin 81,4%-ni toplayıb.
Son bir ildə Claude-un payı 2,3%-dən 9,6%-ə yüksəlib. Gemini-nin göstəricisi də 13,6%-dən 25%-ə çatıb. ChatGPT-nin payı isə 2025-ci ilin oktyabrındakı 71,8%-dən 56,4%-ə enib.
Reytinqdə DeepSeek 3,4%, Grok 2,3%, Copilot 1,5%, Perplexity isə 0,9% payla yer alıb.
Bununla belə, ChatGPT-nin bazar payının azalması ziyarət sayının düşməsi demək deyil. Platformanın aylıq ziyarətləri 2026-cı ilin yanvarındakı 5,7 milyarddan sentyabrda 5,9 milyarda yüksəlib.
Qeyd edək ki, göstəricilər yalnız kompüter və mobil brauzerlərdən çatbotların saytlarına edilən ziyarətləri əhatə edir. Mobil tətbiqlər, API istifadəsi və digər məhsullara inteqrasiya olunmuş süni intellekt xidmətləri hesablamaya daxil edilməyib.