İnternet xidmətlərinin keyfiyyəti üzrə sentyabr hesabatı açıqlanıb

İnternet xidmətlərinin keyfiyyəti üzrə

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlilinin sentyabr buraxılışını ictimaiyyətə təqdim edib.

Agentlikdən bildirilib ki, bu ilin aprel ayından etibarən dərc olunan “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı artıq regionlar üzrə strukturlaşdırılmış formada hazırlanır.

Yeni formatın əsas məqsədi ölkənin müxtəlif bölgələrində internet xidmətlərinin vəziyyətini daha şəffaf göstərmək, istifadəçi təcrübəsini coğrafi ərazilər üzrə müqayisə etmək, eləcə də bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin yüksəldilməsini təşviq etməkdir.

İKTA-nın açıqladığı göstəricilər istifadəçilərin könüllü şəkildə apardığı ölçmələr əsasında formalaşır. Nəticələr istifadəçi davranışı, istifadə olunan cihazların xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmələrin intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Buna görə də hesabatdakı məlumatlar konkret istifadəçi üçün zəmanətli göstərici deyil, ümumi tendensiyaların qiymətləndirilməsi vasitəsi kimi nəzərdən keçirilməlidir.

Agentlik elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumatəsaslı monitorinq və analitik hesabatlılıq mexanizmlərini də genişləndirib. Hazırda ictimaiyyətə bir neçə istiqamət üzrə mütəmadi indeks və təhlillər təqdim olunur:

  • Sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;

  • İnternet xidmətləri üzrə şikayət indeksi;

  • Operator və provayderlərin müraciətlərə orta cavablandırma müddəti üzrə indeksi;

  • Poçt xidmətləri üzrə şikayət indeksi;

  • Poçt operatorlarının müraciətlərə orta cavablandırma müddəti üzrə göstəricilər.

Bu hesabatlılıq sistemi telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi məmnuniyyətinin qiymətləndirilməsi və tənzimləmə qərarlarının real məlumatlara əsaslanması baxımından əhəmiyyətlidir.

İKTA internet xidmətlərinin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqini, eləcə də analitik məlumatların ictimaiyyətə təqdim olunmasını davam etdirəcək.