Dövlət İmtahan Mərkəzi (DİM) Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün dövlət qulluğunda rotasiya və vəzifə dəyişikliklərinin tətbiqi qaydalarına dair təlim təşkil edib.
Təlim 30 oktyabr 2026-cı il tarixində DİM-in Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun məsləhətçisi Fərid Abuşzadənin iştirakı ilə keçirilib. Tədbirin mövzusu “Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” olub.
Təlim zamanı iştirakçılara dövlət qulluqçularının rotasiyasının hüquqi əsasları, bu prosesin təşkili və həyata keçirilməsi mexanizmləri, eləcə də dövlət qulluqçularının digər vəzifələrə keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, rotasiya olunan dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial təminatları, rotasiya komissiyasının fəaliyyətinin təşkili, dövlət qulluqçularına aylıq kompensasiyaların və birdəfəlik ödənişlərin verilməsi qaydaları izah olunub.
Tədbir çərçivəsində rotasiya mexanizminin praktik tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.