Böyük Britaniyada ipoteka qaydaları yumşaldıla bilər

Böyük Britaniyada ipoteka qaydaları

İngiltərə Bankının Maliyyə Siyasəti Komitəsi mənzil əlçatanlığını artırmaq və zəifləyən daşınmaz əmlak bazarını dəstəkləmək məqsədilə ipoteka kreditləşməsinə tətbiq olunan məhdudiyyətlərə yenidən baxmağı nəzərdən keçirir.

“Financial Times” qəzetinin məlumatına görə, tənzimləyici kreditin gəlirə nisbəti (LTI – Loan-to-Income) üzrə yüksək risk həddini mövcud 4,5 misildən borcalanın illik gəlirinin 5 mislinədək artırmağı müzakirə edir. Bu dəyişiklik qəbul olunarsa, vətəndaşlar yüksək riskli kredit kateqoriyasına düşmədən daha böyük məbləğdə ipoteka götürə biləcəklər.

Hazırkı qaydalara əsasən, borcalanın fərdi və ya birgə illik gəlirinin 4,5 mislinə bərabər və ya ondan yüksək məbləğdə verilən ipoteka kreditləri yüksək LTI göstəricili kreditlər hesab olunur. Maliyyə Siyasəti Komitəsi bu cür kreditlərin yeni ipoteka kreditlərinin ümumi həcmindəki payının 15%-dən aşağı saxlanılmasını tövsiyə edib.

Oktyabrın 28-də İngiltərə Bankının Ehtiyatlı Tənzimləmə Qurumu (PRA) və Maliyyə Davranışı Qurumu (FCA) qaydalarda dəyişiklik edərək ayrı-ayrı banklar və kreditorlar üçün tətbiq olunan 15%-lik fərdi limiti ləğv edib. Bununla belə, bütövlükdə bazar üzrə 15%-lik ümumi hədd qüvvədə saxlanılıb.

FPC-nin son iclas protokoluna görə, cari rübdə yüksək LTI göstəricili ipoteka kreditlərinin payı 14,1%-ə yüksəlib. Dörd rüb üzrə hesablanan sürüşən orta göstərici isə 12% təşkil edib.

“Financial Times”ın istinad etdiyi UK Finance hesablamalarına əsasən, LTI həddinin 4,5 misildən 5 mislinə qaldırılması yeni ipoteka kreditlərinin illik həcminin 7%-nə bərabər əlavə kreditləşmə potensialı yarada bilər.

Dəyişiklik xüsusilə ilk dəfə mənzil alanlar üçün əhəmiyyətli ola bilər. Məlumatlara görə, 2025-ci ildə ilk mənzilini alan şəxslərə verilən yüksək LTI göstəricili ipoteka kreditlərinin həcmi 66% artıb.

Tənzimləyicinin mümkün dəyişiklikləri Böyük Britaniyanın daşınmaz əmlak bazarında durğunluq əlamətlərinin gücləndiyi dövrə təsadüf edir.

“Nationwide” indeksinin cümə günü açıqlanan məlumatlarına əsasən, ölkədə mənzil qiymətlərinin illik artım tempi oktyabrda 0,5%-ə enib. Sentyabrda bu göstərici 0,8% olmuşdu. Aylıq müqayisədə isə qiymətlər dəyişməyib.

Yüksək ipoteka faizləri və İngiltərə Bankının gələn həftə uçot faizini artıracağı ilə bağlı gözləntilər mənzil alıcılarının tələbinə təzyiq göstərən əsas amillər sırasındadır.

LTI həddinin artırılması təşəbbüsü həm mənzil almaq istəyənlərin maliyyə imkanlarını genişləndirmək, həm də zəifləyən daşınmaz əmlak bazarında kredit aktivliyini dəstəkləmək cəhdi kimi qiymətləndirilə bilər. Bununla belə, daha yüksək məbləğli ipoteka kreditlərinin əlçatan olması borcalanların borc yükü və maliyyə riskləri ilə bağlı məsələləri də aktuallaşdırır.

MONETAR.AZ