Avstraliyada 2026-cı ilin üçüncü rübündə bazis inflyasiya gözləniləndən daha sürətlə artıb. Ölkənin Statistika Bürosunun açıqladığı məlumatlar Avstraliya Ehtiyat Bankının (RBA) noyabrın 2–3-də keçiriləcək iclasında uçot dərəcəsini yenidən artıracağı ehtimalını gücləndirib.
Sentyabr rübündə istehlak qiymətləri indeksi (CPI) əvvəlki rüblə müqayisədə 1,3% yüksəlib. Bu nəticə proqnozlara uyğun olsa da, əvvəlki rübdə qeydə alınan 0,6%-lik artımdan iki dəfədən çoxdur.
İllik inflyasiya isə sentyabr rübündə 3,9% təşkil edib. Müqayisə üçün qeyd edək ki, əvvəlki rübdə bu göstərici 4% olub.
RBA-nın qiymət təzyiqlərini qiymətləndirmək üçün əsas götürdüyü kəsilmiş orta inflyasiya göstəricisi üçüncü rübdə 1% artıb. Halbuki Mərkəzi Bankın daxili proqnozu 0,8% səviyyəsində idi.
İllik ifadədə kəsilmiş orta inflyasiya 3,7%-ə yüksəlib. Gözlənti 3,6%, əvvəlki rübün göstəricisi də 3,6% olub.
Beləliklə, bazis inflyasiya RBA-nın 2–3%-lik hədəf diapazonundan yüksək olaraq qalır. Aylıq ümumi inflyasiya da avqustda qeydə alınan 4%-dən sentyabrda 4,3%-ə yüksəlib. Bu artımda mənzil xərclərinin və yanacağın bahalaşması nəticəsində nəqliyyat xərclərinin artması mühüm rol oynayıb.
Avstraliya Ehtiyat Bankı sentyabr iclasında davamlı inflyasiya təzyiqləri və qlobal neft qiymətlərinin yüksəlməsi fonunda uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,60%-ə çatdırıb.
RBA sədrinin müavini Endryu Hauzer ötən həftə inflyasiya proqnozlarının əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib. O, iqtisadi artımı həddindən artıq zəiflətmədən qiymət artımını cilovlamağın çətinliyini vurğulayıb.
Noyabrın 2–3-də keçiriləcək iclasda Mərkəzi Bank pul-kredit siyasətinin növbəti istiqamətini müəyyənləşdirəcək. Son inflyasiya göstəriciləri faiz artımının davam etdirilməsi ehtimalını gücləndirsə də, yekun qərar tənzimləyicinin iqtisadi qiymətləndirməsindən asılı olacaq.
Həftə ərzində bir sıra aparıcı mərkəzi bankların qərarları və faiz siyasətinə dair gözləntilər maliyyə bazarlarının əsas gündəm mövzularındandır.
ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini sabit saxlayacağı gözlənilir. Kanada Bankı ilə bağlı müzakirələrdə isə enerji qiymətlərinin inflyasiyaya təsiri və mümkün faiz artımı ehtimalı ön plana çıxır.
Yaponiya Bankının baza faizini 1,25% səviyyəsində saxlayacağı, eyni zamanda gələcəkdə monetar siyasətin sərtləşdirilməsi ilə bağlı siqnallar verə biləcəyi gözlənilir.
İndoneziya Bankı isə ötən həftə baza faiz dərəcəsini 5,75%-də saxlayıb. Bank valyuta bazarına müdaxilələrə və depozit faizinin 5%-ə yüksəldilməsinə üstünlük verib.
Mərkəzi bankların qərarları inflyasiya ilə mübarizə, iqtisadi artımın qorunması və valyuta bazarlarında sabitliyin təmin edilməsi arasında balansın axtarışını davam etdirir.
MONETAR.AZ