"MacRumors" nəşrinin yaydığı məlumata görə Çinin "Cailian Press" qəzeti "Apple"ın tədarük zəncirindəki mənbələrə istinadən bildirib ki, qatlana bilən iPhone-un təqdimatı ilə bağlı hər hansı gecikmə gözlənilmir və cihaz sentyabr ayında təqdim olunacaq.
Mənbələrin sözlərinə görə smartfonun dizaynı artıq tam təsdiqlənib və hazırda cihaz kütləvi istehsal mərhələsinə keçib. Oxşar məlumat daha əvvəl Çinin "East Money" nəşri və Cənubi Koreyanın "The Bell" portalı tərəfindən də paylaşılmışdı. Həmin məlumatlarda "Apple"ın istehsal tərəfdaşı olan "Foxconn"un layihə çərçivəsində kütləvi şəkildə yeni işçilər cəlb etdiyi qeyd olunurdu.
"Cailian Press"ə danışan mənbələr bildiriblər ki, istehsal prosesində yığım çətinlikləri və ya aşağı yararlı məhsul göstəricisi səbəbindən təqdimat tarixinin təxirə salınacağına dair heç bir məlumat yoxdur. Onların sözlərinə görə, cihazın təqdimatı və ilkin tədarükləri sentyabr ayında planlaşdırıldığı kimi həyata keçiriləcək.
Ötən həftə tanınmış analitik Ming-Chi Kuo isə qatlana bilən iPhone-un sentyabr ayında iPhone 18 Pro seriyası ilə birlikdə təqdim ediləcəyini, lakin satışların yalnız ilin dördüncü rübündə başlayacağını proqnozlaşdırmışdı.
MONETAR.AZ