"Micron Technology" süni intellekt üçün yaddaş çiplərinə artan qlobal tələbat fonunda ABŞ-da istehsal güclərinin genişləndirilməsinə yönəldilən investisiya planını əhəmiyyətli dərəcədə artırıb. Şirkət 2035-ci ilədək ölkədə həyata keçirəcəyi ümumi sərmayənin 250 milyard dolları ötəcəyini, eyni zamanda ABŞ-ın yarımkeçirici tədarük zəncirinin inkişafına 3 milyard dollara qədər əlavə investisiya ayıracağını açıqlayıb.
Bu qərar Vaşinqtonun süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda yarımkeçirici istehsalının ölkə daxilində lokallaşdırılmasını və strateji əhəmiyyət daşıyan tədarük zəncirlərinin dayanıqlığının artırılmasını təşviq etdiyi bir dövrə təsadüf edir.
Şirkətin bildirdiyinə görə, investisiyalar ilk növbədə ABŞ-da yaddaş çiplərinin istehsal güclərinin genişləndirilməsinə, xarici tədarükçülərdən asılılığın azaldılmasına, eləcə də çip istehsalı üçün material və avadanlıq hazırlayan yerli müəssisələrin inkişafının dəstəklənməsinə yönəldiləcək.
"Micron" qeyd edib ki, genişləndirilən investisiya proqramı uzunmüddətli strateji hədəfi – DRAM yaddaş çiplərinin 40 faizinin ABŞ-da istehsalını təmin etmək məqsədinə xidmət edir.
Şirkət həmçinin Nyu-York ştatının Kley şəhərində inşa olunan yeni yarımkeçirici istehsalı kompleksində ilk beton tökmə işlərinin planlaşdırılandan bir rübdən artıq əvvəl başa çatdığını bildirib. Bununla layihə hazırlıq mərhələsindən əsas tikinti mərhələsinə keçib. "Micron"un qiymətləndirməsinə görə, bu obyekt gələcəkdə ABŞ tarixinin ən böyük yarımkeçirici istehsal kompleksinə çevriləcək.
Bununla yanaşı, şirkət ABŞ-ın yarımkeçirici tədarük zəncirinin gücləndirilməsi məqsədilə 3 milyard dollara qədər investisiya yatıracağını açıqlayıb. Bu vəsaitin tərkibində "GlobalWafers" şirkətinin Texas ştatının Şerman şəhərində yerləşən 300 millimetrlik silisium lövhələri (wafer) istehsalı zavodunun genişləndirilməsi üçün nəzərdə tutulan 500 milyon dollarlıq strateji maliyyələşdirmə də yer alır.
Tərəflər, həmçinin "Micron"un gələcək istehsal ehtiyaclarının təmin edilməsi məqsədilə 10 illik uzunmüddətli tədarük müqaviləsi bağlayacaqlar.
Şirkətin məlumatına əsasən, yalnız Nyu-York layihəsi gələcəkdə dörd istehsal müəssisəsini əhatə edə və 9 min birbaşa, ümumilikdə isə 50 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verə bilər.
Aydaho və Virciniya ştatlarında həyata keçirilən layihələrlə birlikdə isə "Micron" ABŞ-da istehsal güclərinin genişləndirilməsi hesabına 90 mindən çox yeni iş yerinin yaradılacağını proqnozlaşdırır. Şirkət vurğulayır ki, istehsalın artırılması bazar tələbi ilə uzlaşdırılmış və mərhələli şəkildə həyata keçiriləcək.