Nvidia çip şəbəkəsi üçün Texasda 4 milyard dollarlıq park inşa ediləcək

Nvidia çip şəbəkəsi üçün Texasda 4 milyard dollarlıq

Tayvan süni intellekt (AI) avadanlıqları və yarımkeçiricilər üzrə tədarük zəncirini gücləndirmək məqsədilə ABŞ-da bir neçə iri sənaye parkı yaratmağı planlaşdırır. Hər bir sənaye kompleksinə yatırılacaq investisiyanın həcmi 4 milyard dollara çata bilər.

“Bloomberg” agentliyinin cümə günü Tayvanın iqtisadiyyat naziri Qun Min-sinə (Kung Ming-hsin) istinadən yaydığı məlumata görə, təşəbbüs Tayvan şirkətlərinin ABŞ-dakı istehsal imkanlarını genişləndirməyə və texnologiya sektorunda təchizatın davamlılığını təmin etməyə yönəlib.

Oktyabrın 12-də “Bloomberg”ə müsahibəsində nazir bildirib ki, təşəbbüsün ilkin mərhələsinin Teksas ştatında xüsusi sənaye zonasının yaradılması ilə başlanması nəzərdə tutulur.

Sənaye parkları əsasən Tayvanın kiçik və orta ölçülü komponent təchizatçılarının ABŞ bazarında fəaliyyət göstərməsinə və iri texnologiya şirkətlərinin istehsal zəncirinə inteqrasiyasına kömək edəcək.

Bu yanaşma “Nvidia”nın əsas istehsal tərəfdaşlarından olan TSMC (Taiwan Semiconductor Manufacturing Co) və server avadanlıqlarının yığılması sahəsində fəaliyyət göstərən “Foxconn” kimi şirkətlərin təchizat ehtiyaclarının yerində qarşılanmasına şərait yarada bilər.

Tayvan hökuməti layihələrin maliyyələşdirilməsini Tayvan Elektrotexnika və Elektronika İstehsalçıları Assosiasiyası ilə birgə koordinasiya etməyi planlaşdırır. Dövlət kiçik təchizatçılara kredit zəmanətləri təqdim etməklə yanaşı, onların ABŞ-ın federal və ştat səviyyəsindəki tənzimləyici tələblərinə uyğunlaşmasına hüquqi dəstək göstərəcək.

Təşəbbüs Tayvanın ABŞ ilə ticarət əlaqələrini genişləndirmək və ikitərəfli razılaşmalar çərçivəsində investisiya öhdəliklərini yerinə yetirmək səyləri ilə əlaqələndirilir. Eyni zamanda, Çinlə artan hərbi-siyasi gərginlik fonunda istehsal və təchizat zəncirlərinin coğrafi baxımdan şaxələndirilməsi əsas məqsədlərdən biri kimi çıxış edir.

Tayvanın aparıcı texnologiya şirkətləri artıq ABŞ-dakı istehsal imkanlarını genişləndirməyə başlayıblar.

TSMC ABŞ-da yarımkeçirici istehsalının genişləndirilməsi üçün ümumilikdə 265 milyard dollar həcmində investisiya planını açıqlayıb. “Foxconn” və “Wistron” şirkətləri də süni intellekt infrastrukturu və server avadanlıqlarına artan tələbatı qarşılamaq üçün ABŞ-dakı zavod və montaj xətlərinin istehsal gücünü artırırlar.

Yeni sənaye parklarının yaradılması Tayvanın iri texnologiya şirkətləri ilə yanaşı, onların kiçik və orta ölçülü təchizatçılarının da ABŞ bazarında mövqelərini gücləndirməsinə imkan verə bilər. Bu isə süni intellekt avadanlıqları və yarımkeçiricilər üzrə qlobal təchizat zəncirinin daha geniş coğrafiyaya yayılmasına şərait yarada bilər.

MONETAR.AZ