BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində paytaxtda nəqliyyat və hərəkət intensivliyinin tənzimlənməsi məqsədilə Bakıda bəzi məktəblər və universitetlər 18-22 mayda distant təhsilə keçəcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, forumun keçiriləcəyi Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində, məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, tədris prosesində dəyişiklik ediləcək.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində 18-22 may tarixləri tətil elan olunub. Həmin tətil günləri əvvəllər nəzərdə tutulmuş 1-5 may tarixləri ilə əvəzlənəcək.
Bununla yanaşı, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər 18-22 may tarixlərində distant formada təşkil ediləcək.
Həmçinin Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrində də həmin müddətdə tədris məsafədən həyata keçiriləcək.