Dünyada xoşbəxt olmaq üçün tələb olunan gəlir

Dünyada xoşbəxt olmaq üçün

İnsanların xoşbəxtlik səviyyəsi yalnız gəlirlə müəyyən olunmasa da, araşdırmalar göstərir ki, müəyyən gəlir həddinə qədər maaş artımı həyat məmnuniyyətinə ciddi təsir edir. Monetar.az xəbər verir ki, yeni təhlildə 50 ölkə üzrə orta əməkhaqqı ilə “xoşbəxtlik həddi” adlandırılan gəlir səviyyəsi müqayisə edilib.

Araşdırmaya əsasən, “xoşbəxtlik həddi” insanın gəlir artımından sonra həyat məmnuniyyətində əlavə yüksəlişin zəiflədiyi səviyyədir. Hesablama Purdue Universitetinin gəlir və rifah araşdırmaları, eləcə də Beynəlxalq Əmək Təşkilatının məlumatları əsasında aparılıb.

Siyahıda ilk yeri Sloveniya tutur. Bu ölkədə orta illik gəlir təxminən 37 min dollar olduğu halda, xoşbəxtlik həddi 32 min dollar civarında qiymətləndirilir. Bu o deməkdir ki, orta əməkhaqqı həmin səviyyəni ötür.

Lüksemburq, Estoniya və Sinqapur da yüksək göstəricilər nümayiş etdirib. Lüksemburqda orta gəlir xoşbəxtlik həddinin 92,8 faizinə, Estoniyada 90,5 faizinə, Sinqapurda isə 90 faizinə çatır.

Mərkəzi və Şərqi Avropa ölkələri reytinqdə ön sıralarda yer alıb. Estoniya, Litva, Çexiya, Latviya, Yunanıstan, Rumıniya və Polşa kimi ölkələrdə maaşlar dünya üzrə yüksək olmasa da, yaşayış xərcləri və gəlir gözləntiləri arasındakı fərq daha azdır.

ABŞ-da isə vəziyyət fərqlidir. Ölkədə orta illik əməkhaqqı təxminən 75,3 min dollar olsa da, xoşbəxtlik üçün tələb olunan gəlir səviyyəsi 134,8 min dollar olaraq hesablanıb. Bu səbəbdən orta maaş həmin həddin yalnız 55,8 faizini qarşılayır.

Ən yüksək “xoşbəxtlik qiyməti” Avstraliyada qeydə alınıb. Ölkədə bu göstərici 161,3 min dollar təşkil edir, halbuki orta gəlir 59 min dollar civarındadır.

Araşdırma göstərir ki, yüksək maaş həmişə daha yüksək həyat məmnuniyyəti ilə nəticələnmir. Gəlir səviyyəsi ilə yanaşı, yaşayış xərcləri, sosial təminat, iqtisadi sabitlik və insanların gündəlik həyat şəraiti də xoşbəxtlik səviyyəsinə təsir edən əsas amillərdir.