Kolleclərə qəbul: ixtisas seçimi avqustun 9-dək davam edəcək

Kolleclərə qəbul: ixtisas seçimi avqustun 9-dək

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 9-u saat 23:59-dək davam edəcək.

Abituriyentlər bu müddət ərzində qəbul olmaq istədikləri ixtisasları seçərək onların kodlarını elektron ixtisas seçimi ərizəsinə daxil etməli və ərizəni mütləq təsdiqləməlidirlər.

Avqustun 7-si saat 09:45-ə olan məlumata görə, artıq 7437 abituriyent elektron ərizəsini təsdiqləyib. Onlardan 7084 nəfəri Azərbaycan, 353 nəfəri isə rus bölməsinin məzunudur.

Qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalının 3-cü sayında təqdim olunub.

İxtisas seçimi zamanı çətinlik çəkən abituriyentlər DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Bu mərkəzlər Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, eləcə də DİM-in regional bölmələrində fəaliyyət göstərir və ödənişsiz məsləhət xidməti göstərir.

DİM bir daha xatırladır ki, müsabiqədə yalnız elektron ixtisas seçimi ərizəsini təsdiqləmiş abituriyentlər iştirak edə bilərlər.