Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının ikinci

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 9-da rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

İmtahan elektron formatda Bakıda DİM-in Elektron İmtahanlar Korpusunda (Binəqədi rayonu, S.S.Axundov küçəsi 50, TÜRKPA-nın yanı) və Naxçıvan şəhərində 4 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

İmtahan iki növbədə keçiriləcək. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlayacaq. İmtahanın müddəti 2 saat 30 dəqiqədir.

Buraxılış rejimi müvafiq olaraq saat 09:45 və 14:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.

Namizədlər DİM-in internet saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı göstərilib. İştirakçılar "Yaddaş kitabçası" və elektron imtahan sisteminə dair təlimatla da əvvəlcədən tanış ola bilərlər.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq təqdim etməlidirlər. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya məlumatlarda uyğunsuzluq aşkar edildikdə, namizəd imtahana buraxılmayacaq.

DİM-in məlumatına görə, imtahanın II mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360 nəfəri oğlan, 636 nəfəri qızdır. Namizədlərin 831-i Azərbaycan, 165-i isə rus bölməsinin məzunudur. Həmçinin 426 nəfər cari ilin, 570 nəfər isə əvvəlki illərin məzunudur. İmtahanda 3 xarici ölkə vətəndaşı da iştirak edəcək.

İmtahan Bakıda 957, Naxçıvanda isə 39 namizəd üçün təşkil olunacaq.

İmtahanın keçirilməsinə 12 zal administratoru, 67 zal nəzarətçisi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Qeyd edək ki, II mərhələdə iştirak edən 996 namizəddən 314 nəfər əvvəlki illərdə əldə etdiyi nəticələrə, 682 nəfər isə builki qəbul imtahanında məqbul nəticə göstərdiyinə görə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi mərhələsinə buraxılıb.