Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq "mygov" platforması üzərindən həyata keçirilir. Valideynlər övladlarını elektron qaydada növbəyə yazdıra, müraciətlərini izləyə və idarə edə bilərlər. Elektron qəbul xidməti yalnız my.gov.az portalı vasitəsilə təqdim olunur.

Regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üzrə elektron növbələrin yaradılması prosesi iyulun 7-dən aktivləşdirilib.

Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə istifadəyə verilir. Belə ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün qeydiyyat saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdirilir.

Qeyd olunur ki, əvvəllər bq.edu.az informasiya sistemində uşağı hansı valideyn qeydiyyata aldırıbsa, "mygov" platformasında da müraciət yalnız həmin valideynin şəxsi kabineti vasitəsilə edilməlidir. Uşaq hansı valideynin hesabına əlavə olunubsa, qeydiyyat prosesi də yalnız həmin hesab üzərindən davam etdirilə bilər.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası vətəndaşı olan uşağın şəxsiyyət vəsiqəsinə malik olması vacibdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müvəqqəti və ya daimi yaşamaq icazəsi, yaşayış icazəsi olmayan əcnəbilərdən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi tələb olunur.

Hazırda sistemdə yalnız 2021–2025-ci illərdə anadan olmuş uşaqların məlumatları əks olunur və onların qeydiyyatı mümkündür.

Valideynlər müraciət zamanı maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Seçilən bağçalardan hər hansı birinə qəbul təsdiqləndikdə, digər aktiv növbələr avtomatik olaraq ləğv edilir.

Hazırda hər hansı məktəbəqədər təhsil müəssisəsində qeydiyyatda olan uşaqlar üçün yenidən müraciət etməyə ehtiyac yoxdur. Lakin valideyn övladını başqa bağçaya köçürmək istədikdə yeni müraciət edə bilər. Yeni bağçaya qəbul təsdiqləndikdən sonra isə qeydiyyatın tamamlanması üçün uşağın hazırda təhsil aldığı bağçadan çıxarılması tələb olunur.