Salyanda buğda və pambıq əkinləri azalıb – çəltik sahələri isə artıb

Salyanda buğda və pambıq əkinləri azalıb

Salyan rayonunda strateji kənd təsərrüfatı məhsullarından olan buğda və pambıq əkinlərinin sahəsində azalma müşahidə olunur. Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatlarına əsasən, 2025-ci ildə Salyanda 5 min 202 hektar sahədə buğda əkildiyi halda, 2026-cı ildə bu göstərici 4 min 635 hektara enib. Nəticədə buğda sahələri 567 hektar azalıb.

Buğda üzrə məhsuldarlıq göstəricilərində də geriləmə qeydə alınıb. Ötən il hektardan orta hesabla 48,5 sentner məhsul götürüldüyü halda, cari mövsümdə bu rəqəm 42,7 sentner təşkil edib.

Ümumilikdə rayonda taxıl üzrə orta məhsuldarlıq da 42,3 sentnerdən 39,6 sentnerə düşüb.

Pambıqçılıq sahəsində də azalma diqqət çəkir. Rəsmi rəqəmlərə görə, 2025-ci ildə Salyanda 9 min 669,6 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. 2026-cı ildə isə bu göstərici 8 min 46,7 hektar olub.

Beləliklə, bir il ərzində pambıq əkinlərinin sahəsi 1 min 622,9 hektar və ya təxminən 17 faiz azalıb. Maraqlıdır ki, pambıq istehsalında iştirak edən şirkətlərin sayı 4-dən 5-ə yüksəlsə də, ümumi əkin sahəsində azalma baş verib.

Hesabat dövründə artım qeydə alınan əsas sahələrdən biri isə çəltikçilik olub. Rayonda çəltik əkinlərinin sahəsi 2025-ci ildəki 1 min 155,1 hektardan 2026-cı ildə 2 min 90 hektara çatıb.

Aqrar sahə üzrə mütəxəssislər bildirirlər ki, əkin strukturunda baş verən dəyişikliklər zamanı su ehtiyatları, torpaqların vəziyyəti və regionun iqlim xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə su tələb edən bitkilərin sahəsinin genişləndirilməsi su idarəçiliyi məsələsini daha da aktuallaşdırır.

MONETAR.AZ