Bazar payını artıran "Hyundai" və "Kia"nın avtomobilləri bahalaşıb

Bazar payını artıran "Hyundai" və "Kia"nın avtomobilləri

"Kelley Blue Book" tərəfindən açıqlanan məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin orta xalis satış qiyməti 2026-cı ilin iyun ayında 34 717 dollara yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artsa da, may ayı ilə müqayisədə 0,8% azalıb.

Güzəştlər və müxtəlif stimullaşdırıcı kampaniyalar nəzərə alınmaqla hesablanan avtomobil sənayesi üzrə orta xalis satış qiyməti isə iyunda 46 294 dollar təşkil edib. Bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 0,5%-lik artım deməkdir.

Analitiklərin qiymətləndirməsinə görə, hər iki Cənubi Koreya istehsalçısı rəqabətədavamlı qiymət siyasəti və hibrid avtomobillərə artan tələbat hesabına ABŞ bazarındakı mövqelərini gücləndirməyə davam edəcək.

Proqnozlara əsasən, 2026-cı ilin sonunda "Hyundai"ın ABŞ bazarındakı payı 6,4%-ə, "Kia"nın bazar payı isə 5,6%-ə çatacaq. Bu, 2025-ci ilin müvafiq olaraq 6,0% və 5,2% göstəriciləri ilə müqayisədə hər iki marka üçün 0,4 faiz bəndi artım deməkdir.

İyun ayının nəticələrinə görə, "Hyundai" ABŞ avtomobil bazarının 6,2%-nə, "Kia" isə 5,1%-nə nəzarət edib ki, bu da hər iki şirkətin bazardakı mövqeyini qorumaqda davam etdiyini göstərir.

MONETAR.AZ