Hörmüz riski nefti bahalaşdırır: bazarlarda yüksəliş siqnalı

Hörmüz riski nefti bahalaşdırır:

Dünya neft bazarında qiymətlərin yenidən artacağı ilə bağlı gözləntilər güclənir. Brent markalı neft fyuçersləri həftənin üçüncü gününü 0,26 faiz artımla başa vurub. Analitiklər qiymət artımına əsas səbəb kimi Yaxın Şərqdə davam edən gərginliyi və enerji nəqli marşrutları ilə bağlı riskləri göstərirlər.

Ekspertlərin qiymətləndirməsinə görə, Hörmüz boğazında yaranan yeni məhdudiyyətlər və Bab əl-Məndəb boğazının bağlanması ehtimalı neft bazarında əlavə təzyiq yaradır. Regiondakı hərbi-siyasi qarşıdurmanın davam etməsi isə təchizat risklərini artırır.

Texniki təhlilə əsasən, Brent neftinin qiyməti 83,32 dollar səviyyəsində minimum həddi görüb və bundan sonra alıcıların aktivliyi artıb. Analitiklər bildirirlər ki, qiymətin 86,09 dollar səviyyəsindəki müqaviməti keçməsi yeni yüksəliş mərhələsinin başlanğıcı ola bilər. Bu halda növbəti hədəflər 89,49–89,95 və 91,63–92,39 dollar aralığı hesab olunur.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, ölkədə neft ehtiyatları ötən həftə 1,692 milyon barel azalıb. Bazar iştirakçıları 1,8 milyon barellik azalma gözləyirdilər.

Yaxın Şərqdəki vəziyyət bazarın əsas diqqət mərkəzində qalır. İran və ABŞ arasında gərginliyin artması, Hörmüz boğazı ilə bağlı risklər və bölgədəki hərbi fəaliyyət enerji bazarlarında qeyri-müəyyənliyi artırır.

Bununla yanaşı, OPEC 2027-ci il üçün qlobal neft tələbi artımı proqnozunu yüksəldib. Təşkilat dünya üzrə neft tələbinin sutkada 1,94 milyon barel artacağını gözləyir. 2026 və 2027-ci illər üçün qlobal iqtisadi artım proqnozları isə müvafiq olaraq 3,1 və 3,2 faiz səviyyəsində saxlanılıb.

OPEC məlumatlarına əsasən, Rusiya iyun ayında neft hasilatını sutkada 61 min barel azaldaraq 8,928 milyon barelə endirib. Bu göstərici ölkənin OPEC+ çərçivəsində nəzərdə tutulan hədəfindən aşağı olub.

Təbii qaz bazarında da hərəkətlilik müşahidə edilir. Avropanın TTF qaz bazarında qiymətlərin orta müddətli perspektivdə 55,64–56,8 avro aralığına yüksələ biləcəyi qeyd olunur. Hazırda əsas dəstək səviyyəsi 48,26 avro hesab edilir.

ABŞ-da təbii qaz qiymətləri isə 2,94 dollar səviyyəsi ətrafında dəyişir. Analitiklər bildirirlər ki, ehtiyatlarla bağlı yeni məlumatlar bazarın növbəti istiqamətini müəyyən edə bilər.

Ekspertlər qeyd edirlər ki, enerji bazarında əsas amillər qarşıdakı dövrdə geosiyasi risklər, qlobal tələb dinamikası və hasilat göstəriciləri olacaq.

MONETAR.AZ