2026-cı ilin yanvar-iyun aylarında "KOB evləri"ndə sahibkarlara 312 min 365 xidmət göstərilib. Xidmətlərin böyük hissəsi dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin payına düşüb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, hesabat dövründə "KOB evləri"ndə göstərilən xidmətlərin 271 min 996-sı dövlət qurumlarının sahibkarlara təqdim etdiyi xidmətlər (G2B), 40 min 369-u isə özəl qurumlar tərəfindən göstərilən xidmətlər (B2B) olub.
Statistikaya əsasən, özəl xidmətlərin əsas hissəsi Bakı KOB evində göstərilib. Belə ki, ölkə üzrə təqdim olunan B2B xidmətlərinin 39 min 337-si paytaxtda həyata keçirilib. Regionlarda isə "KOB evləri"ndən əsasən dövlət xidmətlərinin alınması məqsədilə istifadə olunub.
Regionlar üzrə xidmət göstəricilərində Yevlax KOB evi fərqlənib. Belə ki, 2026-cı ilin ilk yarısında burada sahibkarlara 87 min 333 xidmət göstərilib.
Yevlax KOB evinin yüksək göstəricisi onun ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün də mühüm xidmət mərkəzinə çevrildiyini göstərir. Gəncə KOB evində isə hesabat dövründə 2 min 149 xidmət göstərilib.
Xaçmaz rayonunda fəaliyyət göstərən Xudat xidmət məntəqəsi də diqqətçəkən nəticə göstərib. Belə ki, Xaçmaz KOB evində 10 min 279 xidmət göstərildiyi halda, Xudat xidmət məntəqəsində bu göstərici 32 min 200 olub.
Məlumata görə, xidmətlərin sahibkarlara daha yaxın ərazilərdə təşkili xüsusilə regionlarda biznes subyektlərinin dövlət və digər xidmətlərə çıxış imkanlarını genişləndirir.
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən Şuşa KOB evində də sahibkarlara xidmət göstərilməsi davam etdirilib. 2026-cı ilin ilk yarısında Şuşa KOB evində 691 xidmət təqdim olunub. Göstərilən xidmətlərin hamısı dövlət qurumlarının təqdim etdiyi xidmətlərdən ibarət olub.
Ümumilikdə, "KOB evləri"nin fəaliyyəti sahibkarların dövlət və özəl xidmətlərə vahid məkandan çıxış imkanlarının genişləndirilməsinə, regionlarda biznes mühitinin inkişafına və xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.
MONETAR.AZ