"Intel" İrlandiyadakı yeni zavoda 5 milyard avro investisiya ayıracaq

"Intel" İrlandiyadakı yeni zavoda 5 milyard avro

"Intel" korporasiyası İrlandiyadakı istehsal müəssisəsinin genişləndirilməsi üçün 5 milyard avro (5,7 milyard ABŞ dolları) həcmində investisiya yatıracağını açıqlayıb. Şirkət bu addımla məlumat mərkəzləri (data mərkəzləri) üçün prosessor istehsalını artıraraq qlobal bazardakı mövqeyini möhkəmləndirməyi hədəfləyir.

İnvestisiya Dublin yaxınlığındakı Leykslip kampusunda yerləşən istehsal kompleksinin genişləndirilməsinə yönəldiləcək. Layihə çərçivəsində əsas diqqət "Xeon" server prosessorları da daxil olmaqla məlumat mərkəzləri üçün nəzərdə tutulmuş yüksək məhsuldarlıqlı çiplərin istehsalına ayrılacaq. Eyni zamanda, müəssisədə aparılan elmi-tədqiqat və təcrübə-konstruktor (AR-GE) fəaliyyətinin də gücləndirilməsi planlaşdırılır.

"Intel"in icraçı vitse-prezidenti Naqi Çandrasekaranın sözlərinə görə, yeni maliyyələşdirmə şirkətin müqaviləli çip istehsalı (foundry) biznesinin istehsal gücünü artırmağa xidmət edəcək. Bu istiqamət digər texnologiya şirkətləri üçün mikroçip istehsalını əhatə edir və "Intel"in Tayvanın "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) ilə rəqabət strategiyasında əsas rol oynayır.

Şirkət bu ilin aprel ayında Leykslip müəssisəsində əvvəllər "Apollo Global Management" investisiya fonduna satdığı 49 faizlik payı 14,2 milyard ABŞ dollarına geri alaraq zavod üzərində tam mülkiyyət hüququnu bərpa edib.

Yeni investisiya İrlandiya iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Xarici texnologiya şirkətlərinin investisiyalarından böyük ölçüdə asılı olan ölkədə korporativ vergi daxilolmalarının təxminən yarısı cəmi üç iri xarici şirkət tərəfindən təmin edilir.

Naqi Çandrasekaran bildirib ki, ABŞ hökuməti də "Intel"in qlobal istehsal strategiyasını dəstəkləyir və şirkətin həm ABŞ-da, həm də digər ölkələrdə yerləşən istehsal müəssisələrinə sərmayə yatırmasının vacibliyini anlayır.

"Intel" 1989-cu ildən İrlandiyada fəaliyyət göstərir və həmin il ölkəni Avropa üzrə regional qərargahı kimi seçib. Şirkətin ilk İrlandiya zavodu 1993-cü ildə istifadəyə verilib. Hazırda müəssisədə 5 minə yaxın əməkdaş çalışır və genişləndirmə layihəsinin həyata keçirilməsi nəticəsində Leykslipdə əlavə bir neçə yüz yeni iş yerinin yaradılması gözlənilir.

Layihə mövcud istehsal xətlərinin modernləşdirilməsini və ən son nəsil istehsal avadanlıqlarının quraşdırılmasını nəzərdə tutur. İrlandiyadakı kompleks "Intel"in ABŞ-dan kənarda yerləşən ən böyük istehsal mərkəzlərindən biridir. Şirkətin ABŞ hüdudlarından kənarda digər iri istehsal müəssisəsi isə İsraildə fəaliyyət göstərir.

MONETAR.AZ