İranın neft ehtiyatlarını satmaqda niyə çətinlik çəkəcəyi məlum olub

İranın neft ehtiyatlarını satmaqda niyə çətinlik çəkəcəyi

“CNBC” telekanalının istinad etdiyi analitiklərin fikrincə, ixrac məhdudiyyətləri ləğv edilsə belə, İran neft ehtiyatlarını satarkən ciddi çətinliklərlə üzləşə bilər. Bunun əsas səbəbləri ölkənin ən böyük alıcısı olan Çinin enerji strategiyasında dəyişikliklər etməsi və qlobal bazarda təklifin artmasıdır. Dünyanın ən böyük neft idxalçısı olan Çin ənənəvi olaraq İran neftinin əsas alıcısı sayılsa da, hazırda Tehrandan əlavə həcmdə neft almağa böyük maraq göstərmir.

“FGE NexantECA” şirkətinin fəxri sədri Fereydun Feşaraki CNBC-yə bildirib: “Əslində, çinlilər kimdən olursa-olsun, böyük həcmdə neft almağa həvəsli deyillər”.

Çinin neft idxalı İranla münaqişənin başlanmasından sonra azalma tendensiyası nümayiş etdirib. “Wind Information”ın məlumatına görə, may ayında ölkənin neft idxalı illik müqayisədə 29% azalaraq gündəlik 7,82 milyon barrelə düşüb ki, bu da 2018-ci ilin fevralından bəri ən aşağı göstəricidir. “Bloomberg”in məlumatına əsasən, Çinin İrandan neft idxalı iyun ayında əvvəlki ayla müqayisədə iki dəfədən çox azalaraq gündəlik təxminən 654 min barrel təşkil edib.

Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun hesabatında qeyd olunur ki, Yaxın Şərqdəki gərginlik Çinin enerji strategiyasına yenidən baxmasını sürətləndirib və ölkənin "yaşıl" enerji keçidinə əlavə stimul verib. Çinin Baş naziri Li Tsyan da qeyri-bərpa olunan enerji mənbələrindən asılılığın azaldılması və yeni enerji sisteminin formalaşdırılmasının vacibliyini bir daha vurğulayıb.

Eyni zamanda, OPEC+ ölkələrinin avqust ayında gündəlik neft hasilatı kvotasını 188 min barrel artırmaq barədə qərarı bazarda əlavə təklif formalaşdıracaq. “United Overseas Bank”ın qiymətləndirməsinə görə, bu addım alyansın əvvəlki hasilat məhdudiyyətlərini mərhələli şəkildə ləğv etmək planının davamıdır. Münaqişənin başlanmasından bəri OPEC+ gündəlik hasilat kvotalarını ümumilikdə 940 min barrel artırıb.

“Axi” broker şirkətinin bazar analitiki Tiaqu Laseda bildirib ki, bazarda təklifin artması artıq real faktdır.

Onun sözlərinə görə, ABŞ-ın dəniz blokadasını aradan qaldırmasından sonra İran dəniz yolu ilə 40 milyon barreldən çox neft ixrac edib. Eyni zamanda, Rusiyanın neft ixracı da rekord səviyyələrə yüksəlib.

Bununla yanaşı, Hörmüz boğazı vasitəsilə daşımalarla bağlı risklər tam aradan qalxmayıb və bu amil qlobal enerji bazarında qeyri-müəyyənliyi qoruyur. Fereydun Feşarakinin sözlərinə görə, İran hazırkı sərbəst keçid rejiminin cəmi 60 gün qüvvədə olacağını, bundan sonra isə diferensial rüsumların tətbiq ediləcəyini bəyan edib.

“Əgər sən mənim dostumsansa, daha az ödəyəcəksən. Dost deyilsənsə, daha çox ödəyəcəksən. Əgər səndən xoşum gəlmirsə, ümumiyyətlə, sənə neft daşımağa icazə verməyə bilərəm”, – deyə o bildirib.

MONETAR.AZ