Süni intellekt investisiyaları artıq maliyyə nəticələri verməyə başlayıb

Süni intellekt investisiyaları artıq maliyyə nəticələri

ABŞ şirkətləri süni intellektə (Sİ) yatırdıqları milyardlarla dollarlıq investisiyaların real biznes nəticələri yaratmağa başladığını bildirirlər. "Morgan Stanley"in yeni araşdırmasına görə, korporativ hesabatlarda artıq gələcək vədlərdən daha çox gəlir artımı, xərclərin optimallaşdırılması və məhsuldarlığın yüksəlməsi kimi konkret göstəricilər ön plana çıxır.

Bank 17 mindən çox korporativ maliyyə hesabatını və investorlarla keçirilən konfrans zənglərini təhlil edərək müəyyən edib ki, ikinci rübdə süni intellektin ölçülə bilən iqtisadi faydaları barədə açıqlamalar nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə bu texnologiyanı aktiv şəkildə tətbiq edən şirkətlər gəlirlərin artırılması, əməliyyat xərclərinin azaldılması və biznes proseslərinin optimallaşdırılması istiqamətində əldə etdikləri nəticələri daha açıq şəkildə bölüşməyə başlayıblar.

Araşdırmaya əsasən, "Morgan Stanley"in Sİ tətbiq edən şirkətlər kimi qiymətləndirdiyi müəssisələrin 40%-i ikinci rübdə texnologiyanın ən azı bir konkret maliyyə və ya əməliyyat faydası verdiyini açıqlayıb. Bu göstərici əvvəlki rübdə 37%, bir il əvvəl isə cəmi 21% olub. Eyni zamanda, S&P 500 indeksinə daxil olan şirkətlərin təxminən dörddə biri süni intellektin kəmiyyətlə ölçülə bilən üstünlüklərini hesabatlarında qeyd edib. Bir il əvvəl bu nisbət 14% təşkil edirdi.

Analitiklərin fikrincə, şirkət rəhbərləri artıq eksperimental layihələrdən çox, texnologiyanın birbaşa maliyyə təsirlərinə diqqət yetirirlər. Hesabatlarda ən çox vurğulanan üstünlüklər gəlirlərin artırılması, əməliyyat xərclərinin azaldılması, kapitaldan istifadənin səmərəliliyinin yüksəldilməsi və əmək məhsuldarlığının artırılması olub.

Sektorlar üzrə təhlil göstərir ki, texnologiya şirkətləri bu istiqamətdə lider mövqeyini qoruyur. Onların 51%-i süni intellektin konkret iqtisadi faydalarını açıqlayıb. Sonrakı yerlərdə telekommunikasiya və media sektoru (44%), eləcə də maliyyə xidmətləri şirkətləri (37%) qərarlaşıb. Bu isə süni intellekt texnologiyalarının artıq yalnız İT sektoru ilə məhdudlaşmadığını göstərir.

Araşdırmada diqqət çəkilən digər məqam süni intellektin əmək bazarına təsiri ilə bağlıdır. S&P 500 şirkətlərinin təxminən 10%-i ikinci rübdə Sİ-nin məşğulluğa təsirini müzakirə edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 6% idi. Süni intellekti aktiv tətbiq edən şirkətlər arasında isə bu nisbət 18%-ə yüksəlib.

Bununla belə, korporasiyalar kütləvi ixtisarlardan daha çox işə qəbul tempinin optimallaşdırılmasına üstünlük verirlər. Şirkətlər rutin proseslərin avtomatlaşdırılması hesabına işçi sayını əhəmiyyətli dərəcədə artırmadan daha yüksək gəlir əldə etməyə çalışırlar. Hesabatda bu tendensiya "gəlirlə işçi sayı arasında ayrışma" (decoupling of revenue and headcount) kimi xarakterizə olunur. Bu modeldə bizneslər əməkdaş sayını sabit saxlayaraq istehsal və satış həcmini süni intellekt vasitəsilə artırmağa çalışırlar.

Araşdırmada bir sıra real nümunələr də yer alıb. "Airbnb" süni intellektdən istifadə etməklə müştəri xidmətləri xərclərini azaldır. "HP" Sİ əsaslı əməliyyatlar hesabına ildə 1 milyard dollar qənaət etməyi planlaşdırır. "Verizon" enerji xərclərində 200 milyon dollardan çox qənaət əldə etdiyini açıqlayıb. "Exxon Mobil" isə qazma məlumatlarının süni intellekt vasitəsilə emalı sayəsində əvvəllər illərlə davam edən analitik prosesləri artıq bir neçə həftəyə başa çatdıra bilir.

"Morgan Stanley"in qənaətinə görə, bu dinamika süni intellektə yönələn iri həcmli investisiyaların artıq nəzəri perspektivdən çıxaraq korporativ mənfəət və məhsuldarlıq göstəricilərində real nəticələr verməyə başladığını göstərir.

MONETAR.AZ