Amerikalı milyarder, Berkshire Hathaway şirkətinin rəhbəri Uorren Baffet 2034-cü ilədək şirkətdəki bütün payını xeyriyyə məqsədləri üçün bağışlamağı planlaşdırdığını açıqlayıb.
MONETAR.AZ xəbər verir ki, Bloombergin məlumatına görə, hazırda Baffetin Berkshire Hathaway şirkətindəki payının dəyəri təxminən 140 milyard dollar təşkil edir və bu, onun ümumi sərvətinin təxminən 99,5 faizini əhatə edir.
Məlumata əsasən, bu il son 20 ildə ilk dəfə olaraq Bill və Melinda Qeyts Fonduna Baffet tərəfindən ianə ayrılmayacaq. Qeyd olunur ki, bu qərar ABŞ Ədliyyə Nazirliyinin ilin əvvəlində Bill Qeytsin maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə dair sənədləri yenidən gündəmə gətirməsindən sonra verilib.
Bloomberg bildirir ki, Baffet 2006-cı ildən indiyədək Bill və Melinda Qeyts Fonduna ümumilikdə təxminən 48 milyard dollar həcmində ianə edib.
Milyarder bildirib ki, bundan sonra Berkshire Hathawayin B sinif səhmlərini ailəsi ilə əlaqəli xeyriyyə fondları arasında bölüşdürəcək. Bu çərçivədə mərhum həyat yoldaşının adını daşıyan Susan Tompson Baffet Fonduna 9 milyon, övladlarının idarə etdiyi üç xeyriyyə fondunun hər birinə isə 1 milyon B sinif səhmi veriləcək.
Baffet daha əvvəl də sərvətinin böyük hissəsini xeyriyyə məqsədlərinə sərf edəcəyini bəyan etmişdi. Yeni plan onun bütün payını yaxın on il ərzində tamamilə xeyriyyə fondlarına yönəltməyi nəzərdə tutur.