ABŞ-da dizel yanacağının qiyməti yenidən qallon başına 5 dollar həddini keçib. "Bloomberg"in məlumatına görə, buna Yaxın Şərqdə hərbi əməliyyatların yenidən genişlənməsi və qlobal yanacaq bazarında yaranan təchizat narahatlıqları səbəb olub.
Məlumata əsasən, ABŞ və İran arasında gərginliyin artması, eləcə də Rusiyanın neft emalı zavodlarına edilən hücumlardan sonra dizel ixracını məhdudlaşdırması ABŞ və Avropada dizel bazarında təklifin azalmasına gətirib çıxarıb. Topdansatış qiymətlərində qeydə alınan bahalaşma artıq yanacaqdoldurma məntəqələrində də hiss olunmağa başlayıb.
Analitiklər bildirirlər ki, müharibənin başlanmasından sonra dizel qiymətləri xam neftdən daha sürətlə yüksəlib. Bu isə həm nəqliyyat xərclərini artırır, həm də inflyasiya təzyiqlərini gücləndirir. Bazarda Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntilər də güclənib.
AAA avtomobil assosiasiyasının məlumatına görə, çərşənbə günü ABŞ-da dizelin orta pərakəndə satış qiyməti hər qallon üçün 5,005 dollar təşkil edib. İyun ayında ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşmadan sonra qiymətlər qismən geriləmişdi. Lakin ayın əvvəlindən etibarən artım yenidən sürətlənib. Fevraldan bəri dizelin qiyməti təxminən 33 faiz bahalaşıb.
Benzin bazarında da yüksəliş tendensiyası davam edir. Yay mövsümündə tələbatın artması fonunda benzinin orta qiyməti yenidən qallon başına 4 dollar həddinə yaxınlaşır.
Mütəxəssislər qeyd edirlər ki, dörd aydan artıq davam edən geosiyasi gərginlik ABŞ-da distillat yanacaq ehtiyatlarını mövsüm üçün xarakterik səviyyədən aşağı salıb. Adətən ehtiyatların artdığı dövrdə azalmanın müşahidə olunması isə bazarda qiymət risklərini daha da artırır.
MONETAR.AZ