ABŞ 2025-ci ildə gündəlik orta hesabla 7,9 milyon barel neft idxal edib. İdxalın təxminən 57 faizi Kanadanın payına düşüb.
Monetar.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına əsasən, Kanada ötən il ABŞ-ın əsas neft tədarükçüsü olub.
ABŞ Kanadadan gündəlik 4 milyon 493 min barel neft idxal edib. Meksika 504 min barellə ikinci, Səudiyyə Ərəbistanı 326 min barellə üçüncü yerdə qərarlaşıb.
İraqdan gündəlik 249 min, Braziliyadan 231 min, Kolumbiyadan 225 min, Qayanadan 208 min, Nigeriyadan 167 min, Argentinadan 149 min, Venesueladan isə 144 min barel neft idxal olunub.
Beləliklə, Kanada ABŞ-ın ikinci ən böyük neft tədarükçüsü olan Meksikadan təxminən 9 dəfə çox neft göndərib.
Kanadanın ABŞ bazarında üstün mövqeyinin əsas səbəbləri arasında iki ölkə arasında geniş boru kəməri şəbəkəsinin və neft emalı infrastrukturunun olması göstərilir.
ABŞ dünyanın ən böyük neft istehsalçılarından biri olsa da, ölkə eyni zamanda milyonlarla barel neft idxal edir. Bunun əsas səbəblərindən biri ABŞ-da hasil olunan neftin böyük hissəsinin nisbətən yüngül, Kanadadan alınan neftin isə daha ağır olmasıdır.
ABŞ-dakı bəzi neft emalı zavodları ağır neftin emalına uyğunlaşdırılıb. Bu səbəbdən Kanada nefti ABŞ-ın daxili hasilatını tamamlayan mühüm xammal mənbəyi olaraq qalır.