Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin

Bu gün Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilir. Tədbir OPEC-ə üzv ölkələr və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlər arasında enerji sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilir.

İclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir. Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda OPEC-ə üzv dövlətlərin və "OPEC+" formatında əməkdaşlıq edən ölkələrin nümayəndələri qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji təhlükəsizliyi, bazarın sabitliyi və enerji sektorunda əməkdaşlığın gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparırlar.

Görüş çərçivəsində Texniki Komitənin sədrinin seçilməsi də gündəlikdə yer alan əsas məsələlərdən biridir. Yeni yaradılan komitənin fəaliyyətinin "OPEC+" ölkələri arasında texniki əməkdaşlığın gücləndirilməsinə, enerji siyasəti üzrə koordinasiyanın genişləndirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verməsi gözlənilir.

Texniki Komitənin ilk iclasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq enerji dialoqunda artan rolunun və ölkənin qlobal enerji əməkdaşlığı platformalarında fəal iştirakının daha bir göstəricisi kimi dəyərləndirilir.

MONETAR.AZ