BEA: Qlobal qaz tələbi 2022-ci ildən bəri ilk dəfə azalacaq

BEA: Qlobal qaz tələbi 2022-ci ildən bəri

Beynəlxalq Energetika Agentliyi (BEA) bildirib ki, Yaxın Şərqdəki münaqişənin səbəb olduğu qiymət artımları fonunda qlobal təbii qaz tələbi 2022-ci il enerji böhranından bəri ilk dəfə illik azalma göstərə bilər. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

BEA-nın rüblük hesabatına görə, ilin ilk yarısında qaz istehlakının zəifləməsi xüsusilə Asiyada müşahidə olunub. Bölgədə yüksək qiymətlər səbəbindən bir sıra istehlakçılar qaz istehlakını azaldıb və ya alternativ enerji mənbələrinə üstünlük veriblər. Avropada isə bərpa olunan enerji mənbələrindən elektrik istehsalının artması qaz tələbinin azalmasına səbəb olub.

Agentliyin qiymətləndirməsinə əsasən, Yaxın Şərqdə istehlakın azalması ilə yanaşı, bu amillər ayrı-ayrı regionlarda müşahidə olunan artımı kompensasiya edərək 2026-cı ildə qlobal qaz tələbini təxminən 0,5% azaldacaq.

BEA qeyd edir ki, Yaxın Şərqdəki müharibə qlobal mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükünün təxminən beşdə birinə təsir göstərib. Nəticədə, Avropa və Asiyanın əsas qaz qiymət etalonları müharibənin başlanmasından bəri 40–70% bahalaşıb.

Artan qiymətlər fonunda Hindistan, Banqladeş və Vyetnam kimi əvvəllər qaz istehlakını artırmağı planlaşdıran ölkələr uzunmüddətli enerji strategiyalarını yenidən nəzərdən keçirməyə və alternativ yanacaq mənbələri axtarmağa başlayıblar.

“Uzunmüddətli təklif şoku qlobal MTQ bazarında tarazlığı daha da gərginləşdirəcək, yüklər uğrunda rəqabəti artıracaq və həm Atlantik, həm də Sakit okean hövzələrində idxalın zəifləməsi perspektivini uzadacaq”, — deyə BEA hesabatında vurğulanıb.

ABŞ və İran arasında ötən ay imzalanan müvəqqəti sülh sazişindən sonra Hörmüz boğazından gəmi hərəkəti qismən normallaşsa da, boğaza nəzarətlə bağlı uzunmüddətli həll hələ də tapılmayıb. Agentlik bildirir ki, bölgədə gəmilərə qarşı yeni hücumlar risklərin davam etdiyini göstərir.

BEA-nın məlumatına görə, ABŞ başda olmaqla yeni MTQ istehsal güclərinin işə düşməsi iyun ayında Fars körfəzindən tədarükün azalmasını qismən kompensasiya edib. Bununla belə, Yaxın Şərqdən ixracın bərpası gecikərsə, qlobal MTQ bazarı 2012-ci ildən bəri ilk illik tədarük azalması ilə üzləşə bilər. Əks halda, qlobal MTQ təklifinin əvvəl proqnozlaşdırılan artım əvəzinə bu il əsasən sabit qalacağı gözlənilir.

MONETAR.AZ