BVF qlobal enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib

BVF qlobal enerji təhlükəsizliyi ilə bağlı

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal neft bazarında qiymət artımını məhdudlaşdıran amillərin tədricən zəiflədiyini bildirərək enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

MONETAR.AZ xəbər verir ki, qurumun rəsmi bloqunda yayımlanan məqalədə qeyd olunur ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda Hörmüz boğazında yaranan fasilələr gündəlik təxminən 20 milyon barel xam neft və neft məhsullarının daşınmasına mane olub. Bu isə 1973-cü il neft böhranı və Körfəz müharibəsi dövrü ilə müqayisədə daha böyük təchizat riski yaradıb.

Məqalədə bildirilir ki, region ölkələri neft ixracını boru kəmərləri və alternativ limanlar vasitəsilə davam etdirməyə çalışsalar da, bu marşrutlar itirilən həcmləri tam əvəz edə bilmir.

BVF-nin qiymətləndirməsinə görə, neftin bir barelinin 90–100 dollar intervalında qalması bazarda müəyyən sabitlik yaratsa da, qlobal iqtisadiyyata daha ciddi zərərin dəyməməsi üçün neft təchizatının qısa müddətdə bərpa olunması və Hörmüz boğazında gəmiçiliyin tam təmin edilməsi vacibdir.

Qeyd olunur ki, son dövrdə tələbin zəifləməsi, hasilatın artırılması və strateji ehtiyatlardan istifadə qiymətlərin daha kəskin bahalaşmasının qarşısını alıb. Lakin bu imkanlar tədricən azalır və bazarın yeni şoklara qarşı dayanıqlığı zəifləyir.

Məqalədə vurğulanır ki, Hörmüz boğazında gəmi hərəkətinin tam bərpasının nə vaxt mümkün olacağı, eləcə də daşımaların, sığorta xidmətlərinin və bazar iştirakçılarının etimadının hansı müddətdə normallaşacağı hələ də qeyri-müəyyəndir.

Sektor üzrə proqnozlara əsasən, boğaz tam açıldıqdan sonra neft axınının əvvəlki səviyyəyə qayıtması 2-3 ay çəkə bilər. BVF xəbərdarlıq edir ki, istehsalın uzun müddət dayanması, xüsusilə maliyyə imkanları məhdud olan yataqlarda daimi hasilat itkilərinə səbəb ola bilər.

Fond hesab edir ki, əvvəlki enerji şoklarının təsirini yumşaldan ehtiyat imkanları artıq əvvəlki qədər geniş deyil. Bu səbəbdən ehtiyatlar bərpa edilməzsə, növbəti mümkün enerji şoku qlobal iqtisadiyyat üçün daha ciddi nəticələr doğura bilər.