Çin bu il neft idxalını sutkada 5,5 milyon barel azaltmaqla dünya neft bazarının sabitləşdirilməsində təşəbbüsü, faktiki olaraq, OPEK-in əlindən alıb. “Rosneft”in rəhbəri İqor Seçin bildirib ki, Çin bu addımları atmasaydı, neftin bir barelinin qiyməti əlavə olaraq 30 dollar arta bilərdi. Bununla belə, Pekin hər hansı kartel sazişinə formal şəkildə qoşulmadan belə nəticə əldə edib.
Seçin bu barədə Şərq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Çin Energetika Biznes Forumunda danışıb.
Onun sözlərinə görə, Çin ən böyük enerji idxalçısından qlobal enerji bazarının fəal iştirakçısı və liderlərindən birinə çevrilib. Bu prosesdə əsas amillərdən biri ümumi həcmi 1,4 milyard barel olan strateji neft ehtiyatlarının formalaşdırılmasıdır.
“Rosneft” rəhbəri vurğulayıb ki, strateji ehtiyatların mövcudluğu və inkişaf etmiş elektroenergetika infrastrukturu Çinə neft qiymətlərinə təsir göstərmək baxımından ənənəvi istehsalçı ölkələrin imkanları ilə müqayisə oluna biləcək güclü rıçaqlar verir.
Seçinin fikrincə, Çinin strateji neft ehtiyatlarını daha da artırması Pekinin qlobal enerji bazarındakı rolunu gücləndirəcək. O qeyd edib ki, bu proses OPEK-in təsirinin tədricən azalması və təşkilatın üzvlərinin sayının ixtisar olunması fonunda baş verə bilər.
MONETAR.AZ