Çində neft emalı iyun ayında kəskin azalaraq son altı ilin ən aşağı səviyyəsinə düşüb. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, daxili tələbatın zəifləməsi və Fars körfəzindən xam neft tədarükündə yaranan fasilələr ölkənin neft emalı zavodlarının (NEZ) istehsal həcmlərinə ciddi təsir göstərib.
Çin Xalq Respublikasının Statistika Bürosunun məlumatına əsasən, iyun ayında ölkədə neft emalı illik müqayisədə 18% azalaraq 51,24 milyon ton təşkil edib. Bu, pandemiyanın ilk mərhələsində – 2020-ci ilin mart ayından bəri qeydə alınan ən aşağı göstəricidir. Geriləmə, Çinin xam neft idxalının son on ilə yaxın dövrün minimum səviyyəsinə enməsindən dərhal sonra baş verib.
Analitiklərin fikrincə, iqtisadi fəallığın zəifləməsi və nəqliyyat sektorunda elektrikləşmənin sürətlənməsi yanacaq istehlakını azaldaraq emal marjalarını aşağı salıb. Mövcud vəziyyətdən ən çox zərər çəkən isə əsasən daha ucuz İran neftindən istifadə edən müstəqil neft emalı zavodları olub.
"JLC" konsaltinq şirkətinin hesablamalarına görə, Çinin ümumi emal gücünün təxminən üçdə birini təşkil edən bu müəssisələrdə istehsal güclərinin yüklənmə səviyyəsi son doqquz ilin ən aşağı həddinə enib.
Bazar iştirakçıları yaxın aylarda vəziyyətin daha da mürəkkəbləşəcəyini istisna etmirlər. "GL Consulting" şirkətinin proqnozuna əsasən, iyul ayında da emal həcmləri azalmaqda davam edəcək. Bir çox müəssisə rentabelliyin zəifləməsi səbəbindən istehsal xətlərini planlı texniki xidmət üçün dayandırır. Şirkət iyul üzrə neft emalının illik müqayisədə 5,6% azalacağını proqnozlaşdırır.
Ekspertlər bildirirlər ki, indiyədək Çində zəif tələbat qlobal bazarda İran ətrafında yaranan geosiyasi risklərin təsirini müəyyən qədər yumşaldırdı. Lakin Yaxın Şərqdə hərbi əməliyyatların yenidən intensivləşməsi həm Çinin enerji tələbatının bərpası, həm də dünya üzrə azalan neft ehtiyatlarının yenidən formalaşdırılması ilə bağlı qeyri-müəyyənliyi artırır. Bu amillər yaxın aylarda qlobal neft bazarında qiymət dəyişkənliyinin yüksək qalacağına işarə edir.
MONETAR.AZ