Hindistan dizel və aviasiya kerosini üzrə ixrac rüsumlarını iki dəfə artırıb

Hindistan dizel və aviasiya kerosini üzrə ixrac rüsumlarını

Hindistan hökuməti dizel və aviasiya kerosininin ixracına tətbiq olunan rüsumları kəskin artırıb. "Bloomberg"in məlumatına görə, qərar ABŞ və İran arasında müvəqqəti sülh sazişinin pozulması, hərbi əməliyyatların yenidən alovlanması və qlobal yanacaq təchizatı ilə bağlı risklərin artması fonunda qəbul edilib.

Hindistan Maliyyə Nazirliyinin açıqlamasına əsasən, iyulun ikinci yarısı üçün dizel yanacağının ixrac rüsumu hər litr üzrə 8,5 rupidən 15,5 rupiyə, aviasiya kerosini üzrə isə 7,5 rupidən 14,5 rupiyə yüksəldilib. Bununla yanaşı, benzinin ixrac rüsumu 4 rupidən 2,5 rupiyə endirilib.

Analitiklərin fikrincə, yeni rüsumlar Asiyanın ən iri yanacaq ixracatçılarından biri olan Hindistanın xarici bazarlara göndərişlərini azalda bilər. Bu qərar məhz ölkənin neft məhsulları ixracının son ayların ən yüksək səviyyəsinə çatdığı bir dövrə təsadüf edir. ABŞ və Avropada təklif qıtlığı, eləcə də yüksək emal marjaları Hindistan neft emalı zavodlarının ixracını artırmasına şərait yaratmışdı.

Proqnozlara görə, iyul ayında Hindistandan dizel, benzin və digər neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artacaq.

"Kpler" analitik şirkətinin hesablamalarına əsasən, ilin əvvəlindən Hindistan gündə orta hesabla 1 milyon barrel neft məhsulu ixrac edib ki, bu da qlobal dəniz yolu ilə daşınan neft məhsulları tədarükünün təxminən 6 faizinə bərabərdir. İxracın strukturunda dizel 40 faiz, benzin 26 faiz, aviasiya kerosini isə 9 faiz paya malikdir.

Qlobal dizel bazarında gərginlik Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın neft emalı zavodlarına zərbələr endirməsindən və Moskvanın dizel ixracına məhdudiyyətlər tətbiq etməsindən sonra daha da artıb.

Hindistan hökuməti ixrac rüsumlarını hər iki həftədən bir dünya bazarında neft və neft məhsullarının orta qiymətlərinə uyğun şəkildə yenidən nəzərdən keçirir. Bu mexanizm qlobal enerji bazarındakı dəyişikliklərə operativ reaksiya verməyə və daxili bazarın yanacaq təminatını qorumağa xidmət edir.

Dünyanın dördüncü ən böyük neft emalçısı olan Hindistan daxili tələbatının 85 faizdən çoxunu idxal hesabına ödəsə də, eyni zamanda hazır neft məhsullarının aparıcı ixracatçıları sırasında yer alır.

MONETAR.AZ