Rusiyanın aparıcı enerji şirkətləri Ukraynanın hücumları nəticəsində neft emalı güclərinin əhəmiyyətli hissəsinin sıradan çıxmasından sonra benzin tədarükünü artırmaq məqsədilə Hindistanın neft emalı zavodlarına müraciət ediblər. Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Hindistan dəniz yolu ilə daşınan Rusiya xam neftinin ən böyük alıcısı olsa da, Moskvanın indi Hindistandan benzin almağa çalışması iki ölkə arasındakı enerji əməkdaşlığında qeyri-adi mərhələ kimi qiymətləndirilir. Agentlik bildirir ki, Rusiyada hazırda benzin təminatı ilə bağlı ciddi çətinliklər yaşanır.
Mənbələrin sözlərinə görə, Hindistandan göndərilən ilk benzin partiyası artıq Rusiyaya yola salınıb və yaxın dövrdə əlavə tədarüklərin də həyata keçirilməsi gözlənilir. Bildirilir ki, hücumlar dayansa belə, sıradan çıxmış Rusiya neft emalı güclərinin təxminən 40%-nin ən azı qarşıdakı iki ay ərzində bərpa olunması ehtimalı aşağı qiymətləndirilir.
Məlumata əsasən, Hindistan tərəfi ilə benzin tədarükü məsələsində "Rosneft", "Gazprom Neft" və "LUKOYL" maraqlanıb. Razılaşmalar əldə olunacağı təqdirdə yanacağın treyderlər vasitəsilə çatdırılması planlaşdırılır.
Hindistanın üç dövlət neft emalı zavodundakı mənbələr Rusiya şirkətlərindən benzinlə bağlı sorğular daxil olduğunu təsdiqləsələr də, hazırda ixrac üçün əlavə həcmlərinin olmadığını bildiriblər. Hindistanın neft naziri Hardip Sinqh Puri isə daha əvvəl ölkə şirkətlərinin Rusiyaya birbaşa yanacaq satmadığını, lakin Rusiya tərəfinin Hindistan mənşəli məhsulları beynəlxalq treyderlərdən əldə edə biləcəyini söyləmişdi.
Bundan əvvəl "Reuters" Rusiyaya Hindistanın "Nayara Energy" şirkətində istehsal olunan benzinin treyderlər vasitəsilə çatdırıldığını da xəbər vermişdi. Agentliyin məlumatına görə, "Agni" tankeri iyunun 18–20-də Vadinar limanında 42 min ton benzin yükləyib, daha sonra iyulun 6–7-də Misirin Damyetta limanı yaxınlığında yükü "Garnet" tankerinə gəmidən-gəmiyə (STS) əməliyyatı ilə ötürüb. Həmin yükün iyulun 26-da Rusiyanın Vitino limanına çatacağı gözlənilir.
Bununla yanaşı, "Nayara Energy" rəsmi açıqlamasında Rusiya şirkətlərinə yanacaq satmadığını və belə bir planının olmadığını bəyan edib.