ABŞ-dan yola çıxan mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker bir ildən artıq fasilədən sonra ilk dəfə Çinin qəbul terminallarından birinə çatıb. "Bloomberg" agentliyinin məlumatına görə, yükün boşaldılması baş tutacağı təqdirdə bu, iki ölkə arasında ticarət gərginliyinin artdığı 2025-ci ilin fevralından bəri ABŞ-dan Çinə həyata keçirilən ilk LNG tədarükü olacaq.
Agentliyin gəmi izləmə məlumatlarına əsasən, "Al Fat’h" qaz tankeri iyun ayında ABŞ-ın Luiziana ştatında yerləşən "Plaquemines LNG" zavodundan yük götürdükdən sonra cümə axşamı Çinin cənubundakı Yanpu limanına daxil olub. Sözügedən zavod "Venture Global" şirkəti tərəfindən istismar edilir.
Mütəxəssislərin fikrincə, yükün qəbul edilməsi Vaşinqton və Pekin arasında enerji ticarətində müşahidə olunan uzunmüddətli fasilənin qismən aradan qalxdığını göstərə bilər. 2025-ci ilin əvvəlində tərəflər arasında tarif mübahisələrinin kəskinləşməsindən sonra Çin ABŞ mənşəli LNG-yə əlavə idxal rüsumları tətbiq etmiş, bunun nəticəsində iki ölkə arasındakı qaz ticarəti demək olar ki, dayanmışdı.
Pekin həmin dövrdə bu addımı Donald Tramp administrasiyasının Çin məhsullarına tətbiq etdiyi əlavə gömrük rüsumlarına cavab tədbiri kimi əsaslandırmışdı. Nəticədə dünyanın ən iri LNG ixracatçısı ilə ən böyük alıcılarından biri arasında enerji ticarəti ciddi şəkildə zəifləmişdi.
ABŞ və Çin arasında LNG tədarükü əvvəllər də ticarət münaqişələrinin təsirinə məruz qalıb. Donald Trampın ilk prezidentlik dövründə Çin təxminən 400 gün ərzində ABŞ-dan heç bir mayeləşdirilmiş təbii qaz partiyası qəbul etməmişdi.
Analitiklər hesab edirlər ki, hazırkı tədarük həm də Yaxın Şərqdə davam edən geosiyasi gərginliyin qlobal enerji bazarına təsirini əks etdirir. Fars körfəzi regionundan ixracın azalması Asiya ölkələrini alternativ mənbələrə üz tutmağa məcbur edib və bu şəraitdə ABŞ mənşəli LNG yenidən region bazarları üçün daha cəlbedici seçimə çevrilməyə başlayıb.
MONETAR.AZ