AQEM sammitinə çoxsaylı ölkələrin liderləri qatılacaq

AQEM sammitinə çoxsaylı ölkələrin

Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçiriləcək.

Monetar.az xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçiriləcək AQEM-in VII Zirvə Görüşündə Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətlər arasında qarşılıqlı etimadın artırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı iqtisadi inkişaf məsələləri müzakirə ediləcək.

Tədbirin yekununda Bakı Bəyannaməsinin və AQEM-in fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarlar paketinin qəbul olunması gözlənilir.

AQEM-in 29 üzv dövləti var. Azərbaycanın təşkilata sədrliyi 2024-cü il dekabrın 17-də başlayıb. “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı ilə həyata keçirilən sədrliyin əsas məqsədləri üzv dövlətlər arasında əməkdaşlığı genişləndirmək, təşkilatın institusional imkanlarını gücləndirmək, iqtisadi, humanitar və ekoloji sahələrdə əlaqələri inkişaf etdirməkdir.

Sədrliyi dövründə Azərbaycan AQEM-in Biznes Şurası və Biznes Forumuna, Gənclər Forumuna, eləcə də 13-cü AQEM Beyin Mərkəzləri Forumuna ev sahibliyi edib. Bu müddətdə Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi fəaliyyətə başlayıb, AQEM Qadınlar Şurası yaradılıb və AQEM Maliyyə Sammitinin Nizamnaməsi təsdiqlənib.

Bakıda keçiriləcək VII Zirvə Görüşü Azərbaycanın sədrliyinin əsas tədbirlərindən biri olacaq. Sammitin region ölkələri arasında siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıması gözlənilir.