Böyük Britaniya və Aİ Cəbəllüttariq sərhədinin idarə olunmasına dair saziş imzalayıb

Böyük Britaniya və Aİ Cəbəllüttariq sərhədinin idarə olunmasına

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Cəbəllüttariqin gələcək sərhəd rejimini müəyyənləşdirən və Britaniyanın dəniz aşırı ərazisi ilə İspaniya arasında hərəkəti sadələşdirən saziş imzalayıblar. Tərəflər hesab edirlər ki, razılaşma "Brexit"dən sonra uzun müddət davam edən hüquqi və siyasi qeyri-müəyyənliyə son qoyacaq.

Saziş Brüsseldə Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Stiven Dauerti, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno və Cəbəllüttariqin baş naziri Fabian Pikardo tərəfindən imzalanıb.

Sənəd ötən il əldə edilmiş prinsipial razılaşmaların hüquqi çərçivəyə salınmasının nəticəsi hesab olunur və Cəbəllüttariqin statusu ətrafında illərlə davam edən danışıqlarda mühüm mərhələ kimi qiymətləndirilir.

Razılaşmaya əsasən, Cəbəllüttariq sakinləri İspaniyaya yaşayış icazəsi əsasında pasportlarına giriş-çıxış möhürü vurulmadan daxil ola biləcəklər. Eyni zamanda, İspaniya vətəndaşları sərhədi yalnız şəxsiyyət vəsiqəsi ilə keçmək hüququ əldə edəcəklər ki, bu da gündəlik sərhədyanı hərəkəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Yeni mexanizmə əsasən, Cəbəllüttariq hava limanına gələn sərnişinlər sənədlərini həm Cəbəllüttariq, həm də İspaniyanın sərhəd nəzarəti orqanlarına təqdim edəcəklər. Bu model Böyük Britaniyanın London şəhərində yerləşən "St Pancras International" vağzalında tətbiq olunan sistemə bənzəyir. Həmin sistem çərçivəsində Fransa sərhəd polisi "Eurostar" qatarları ilə səyahət edən sərnişinlər üzərində sərhəd nəzarətini Böyük Britaniya ərazisində həyata keçirir.

Cəbəllüttariq 1713-cü ildə imzalanmış Utrext Sülh Müqaviləsi əsasında Böyük Britaniyanın nəzarətinə keçib. İspaniya irsi uğrunda müharibəyə son qoyan həmin tarixi müqavilə bu gün də Cəbəllüttariqin beynəlxalq hüquqi statusunun əsasını təşkil edir. Yeni saziş isə tərəflərin suverenlik mövqelərini dəyişdirmədən sərhəd idarəçiliyi və insanların sərbəst hərəkəti ilə bağlı praktiki məsələlərin tənzimlənməsini hədəfləyir.

MONETAR.AZ