DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları

Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (tədris dili) fənləri üzrə seminarlar keçirilib. Seminarlarda iş planının təsdiqi və imtahan proqramlarının müzakirəsi əsas gündəlik məsələlər olub.

Tədbirlərdə orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının və Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər.

DİM-in Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir və Göyçay regional bölmələri ilə onlayn bağlantı yaradılıb. Bu vasitə ilə həmin bölgələrdə fəaliyyət göstərən müəllimlər də müzakirələrə qoşulublar.

Seminarlarda Afiqə Batıyeva iş planına daxil olan məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, imtahan proqramları sentyabr ayından DİM-in internet saytında yerləşdirilsə də, onların yenidən nəzərdən keçirilməsi və müzakirəsi vacibdir. Çünki proqramlar seminarlarda təsdiq edilməlidir.

Afiqə Batıyeva, həmçinin imtahanlarda istifadəsi nəzərdə tutulan test blokları barədə məlumat verib.

Fizika fənni üzrə seminarın rəhbəri, professor Müsavər Musayev I və IV ixtisas qrupları üçün nəzərdə tutulan imtahan proqramlarını, rus dili (tədris dili) fənni üzrə seminarın rəhbəri Viktoriya Ələkbərova isə ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) buraxılış imtahanlarının proqramlarını müzakirəyə təqdim ediblər.

Müzakirələr zamanı iştirakçılar proqramlarla bağlı bir sıra təkliflər irəli sürüblər. Təkliflər nəzərə alınaraq proqramlarda redaktə xarakterli düzəlişlər edilib.

DİM-in regional bölmələrindən onlayn iştirak edən müəllimlər də müzakirələrdə fəallıq göstəriblər. Fizika fənni üzrə Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi Həlimə Hüseynova, Babək rayonu Hacıvar kənd tam orta məktəbin müəllimi Fatma Məmmədova və Göyçay şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Xatirə Əhmədova müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Seminarların növbəti həftə də davam etdirilməsi nəzərdə tutulur.