ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iyulun 7-8-də Ankarada keçirilən NATO Zirvəsinin əsas məqsədi Vaşinqtonla müdafiə xərcləri və İran məsələsində fikir ayrılıqlarının dərinləşməsinin qarşısını almaqdır. Bu barədə Bloomberg nəşrinin Avropa üzrə baş geoiqtisadiyyat analitiki Antonio Barroso hazırladığı təhlildə bildirib.
Təhlildə qeyd olunur ki, zirvənin əsas sualı Avropanın müdafiəsinə görə məsuliyyətin mərhələli şəkildə Avropa ölkələrinə ötürüləcəyinə dair aydın siqnal verib-verməyəcəyi və ya ABŞ-ın dəstəyinin azalması fonunda strateji qeyri-müəyyənliyi daha da artıracağıdır.
Müəllifin fikrincə, NATO-nun Baş katibi Mark Rütte son günlər ABŞ Prezidenti Donald Trampı müttəfiqlərin müdafiə xərclərini artırdığına inandırmağa, həmçinin İran məsələsində mövcud fikir ayrılıqlarının zirvəyə təsirini minimuma endirməyə çalışır. Təhlildə bildirilir ki, Avropa ölkələri İranla bağlı davamlı atəşkəs əldə olunacağı təqdirdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş Fransa və Böyük Britaniyanın təşəbbüslərini də gündəmdə saxlayırlar.
Bloomberg-in qiymətləndirməsinə görə, Avropa ölkələri Trampın ABŞ qoşunlarının və hərbi infrastrukturunun Avropadan koordinasiyasız şəkildə çıxarılması ilə bağlı qərarlar qəbul etməsinin qarşısını almağa çalışırlar. Eyni zamanda, onlar ABŞ administrasiyasının Ukrayna məsələsində Rusiyaya təzyiqi davam etdirməsini istəyirlər.
Təhlildə vurğulanır ki, Avropa ölkələri son bir ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırsa da, bütün müttəfiqlərin ÜDM-in 3,5 faizi həcmində əsas müdafiə xərci hədəfinə çatması real görünmür. NATO-nun ümumi 5 faizlik hədəfinin yerinə yetirilməsi isə daha çətin qiymətləndirilir.
Antonio Barroso qeyd edir ki, Avropada müdafiə xərclərinin artması ABŞ iqtisadiyyatı üçün də faydalıdır və bu sahədə təxminən 195 min iş yerini dəstəkləyir. Bununla belə, Avropa hökumətləri müdafiə sifarişlərinin böyük hissəsini yerli şirkətlərə yönəltməyə üstünlük verirlər.
Təhlildə Avropa İttifaqının müdafiə təşəbbüslərində ABŞ şirkətlərinin iştirakına qoyulan məhdudiyyətlərin də Vaşinqtonla Brüssel arasında yeni fikir ayrılığı yarada biləcəyi qeyd edilir.
Müəllif hesab edir ki, Almaniya Kansleri Fridrix Mertsin ABŞ şirkətləri ilə birgə silah istehsalı təşəbbüsü həm Tramp administrasiyasını Avropaya bağlı saxlamaq, həm də ABŞ qoşunlarının mümkün ixtisarı və Almaniyada "Tomahawk" qanadlı raketlərinin yerləşdirilməsi planının ləğvi nəticəsində yarana biləcək hərbi imkan boşluqlarını aradan qaldırmağa yönəlib.
Təhlildə vurğulanır ki, NATO daxilində əsas müzakirə mövzusu artıq yalnız müdafiə xərclərinin artırılması deyil, Avropanın ABŞ-dan asılılığı azaltmaq üçün zəruri hərbi imkanları nə qədər sürətlə formalaşdıra biləcəyidir. Ekspertin qənaətinə görə, qarşıdakı dövrdə əsas çağırış həm bu prosesin sürətləndirilməsi, həm də artan maliyyənin konkret hərbi istehsala və müdafiə qabiliyyətinin gücləndirilməsinə çevrilməsi olacaq.
MONETAR.AZ