Rusiyada yanacaq bazarında gərginlik davam edir. Bir sıra regionlarda, xüsusilə ölkənin cənub və mərkəz hissəsində yerləşən yanacaqdoldurma məntəqələrində AI-92 və AI-95 markalı benzinin satışında fasilələr yaranıb, bəzi ərazilərdə isə bir avtomobilə satılan yanacağın həcminə məhdudiyyət tətbiq edilib.
Rusiya hökuməti daxili bazarın yanacaqla təminatını artırmaq məqsədilə ilin sonunadək "Avro-3" standartına uyğun benzinin dövriyyəsinə icazə verib. Energetika Nazirliyi bildirir ki, bu qərar bazara əlavə yanacaq həcmlərinin çıxarılmasına imkan verəcək. Bundan başqa, hakimiyyət "Avro-2" standartına müvəqqəti keçid və bu standart üzrə yanacağın idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını da nəzərdən keçirir.
Eyni zamanda, Rusiyanın Federal Antiinhisar Xidməti Moskva vilayətində fəaliyyət göstərən altı yanacaqdoldurma şəbəkəsinə qarşı pərakəndə qiymətlərin eyni vaxtda artırılması səbəbindən araşdırmaya başlayıb.
Mütəxəssislərin və Energetika Nazirliyinin məlumatına görə, mövcud vəziyyətə neft emalı zavodlarında pilotsuz uçuş aparatlarının hücumlarından sonra aparılan təmir işləri, yay mövsümündə artan yanacaq tələbatı, cənub regionlarında logistika problemləri və əvvəlki dövrdə neft məhsullarının yüksək ixracı səbəb olub.
Məhdudiyyətlər ölkənin çoxsaylı regionlarında tətbiq edilir. Moskva, Moskva vilayəti, Krasnodar diyarı, Rostov vilayəti, Tatarıstan, Samara, Murmansk, Belqorod, Kursk, Dağıstan, Kalininqrad, Novosibirsk, İrkutsk və digər regionlarda bir avtomobilə satılan benzin əsasən 20–40 litr arasında məhdudlaşdırılıb. Bir sıra bölgələrdə yanacağın kanistrlərə satışı tamamilə qadağan edilib. Bəzi regionlarda isə dizel yanacağına da limitlər tətbiq olunub.
Novosibirsk vilayətində yanacaqdoldurma məntəqələrinin əhəmiyyətli hissəsinin fəaliyyətini dayandırdığı, təcili yardım, kommunal xidmətlər və ictimai nəqliyyat üçün yanacaq təminatına üstünlük verildiyi bildirilir. Orlov vilayətində isə yanacaq satışında cüt və tək tarixlər üzrə avtomobillərin dövlət qeydiyyat nişanlarına əsaslanan xüsusi qayda tətbiq edilib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak hökumətin daxili bazarın yanacaqla prioritet təmin edilməsi üçün tədbirlər gördüyünü bildirib. Yanacaq bazarı üzrə ekspertlər vəziyyətin iyulun ortalarınadək əhəmiyyətli dərəcədə yaxşılaşacağını, çatışmazlığın isə 2026-cı ilin avqust ayına qədər tam aradan qalxacağını proqnozlaşdırırlar.
Bu arada, Bloomberg agentliyinin məlumatına görə, Rusiyanın dəniz yolu ilə neft ixracının son dörd həftə üzrə orta gündəlik həcmi 4,22 milyon barelə çataraq Ukraynada müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə yüksəlib.
MONETAR.AZ