Yaxın Şərqdə gərginlik neftin qiymətini 5 faiz artırıb

Yaxın Şərqdə gərginlik

Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti yüksəlib. Ticarət sessiyası zamanı Brent markalı xam neftin bir barelinin qiyməti təxminən 5 faiz bahalaşaraq 72 ABŞ dolları ətrafında qərarlaşıb.

ABŞ Maliyyə Nazirliyi İranın neft satışına imkan verən güzəşti ləğv edir. Bu qərarın Hörmüz boğazında tankerlərə qarşı son hücumlardan sonra qəbul edildiyi bildirilir.

Qətər Xarici İşlər Nazirliyinin məlumatına əsasən, İran Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan "Al-Rekayyat" tankerinə hücum edib. Hörmüz boğazından keçən digər tankerə isə naməlum mərmi ilə zərbə endirildiyi bildirilir.

İranın xarici işlər naziri təhlükəsizlik təhdidləri aradan qalxmayınca yekun sülh danışıqlarının irəliləməyəcəyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə tərəflərin ya razılığa gələcəyini, ya da ABŞ-ın "işi başa çatdıracağını" bildirərək hərbi əməliyyat ehtimalının yenidən gündəmə gəldiyini vurğulayıb.

Bu arada, Saudi Aramco gələn ay üçün Asiya bazarına satılan Arab Light markalı neftin rəsmi satış qiymətini bir barel üzrə 1,10 ABŞ dolları azaldıb. Bununla da regional etalon göstəriciyə nisbətdə endirim 1,50 ABŞ dollarına çatdırılıb. Şirkət bu addımı bazarda tələbin zəifləməsi ilə əlaqələndirib.

MONETAR.AZ