NATO-ya üzv ölkələrin ümumi müdafiə xərclərinin 2026-cı ildə əvvəlki illə müqayisədə təxminən 11 faiz artaraq 1,81 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir.
NATO-nun açıqladığı 2026-cı il üzrə proqnoz göstəricilərinə əsasən, alyans ölkələrinin ümumi müdafiə xərcləri 1 trilyon 809 milyard 915 milyon dollara çatacaq. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 1 trilyon 482,9 milyard dollar, 2025-ci ildə isə 1 trilyon 629,6 milyard dollar olub.
Proqnozlara görə, ən böyük müdafiə xərclərini yenə də ABŞ həyata keçirəcək. Ölkənin müdafiə büdcəsinin 1 trilyon 32,8 milyard dollar təşkil edəcəyi və bunun NATO-nun ümumi müdafiə xərclərinin təxminən 57 faizinə bərabər olacağı gözlənilir.
ABŞ-dan sonra Almaniyanın 147 milyard, Böyük Britaniyanın 110 milyard, Fransanın 80 milyard, İtaliyanın 57 milyard, Polşanın 53 milyard və Kanadanın 52 milyard dollar müdafiə xərci ayıracağı proqnozlaşdırılır. Türkiyənin müdafiə xərclərinin isə 2026-cı ildə 48 milyard dollar səviyyəsində olacağı gözlənilir.
Məlumata əsasən, 2026-cı ildə NATO üzvlərindən beşinin əsas müdafiə xərcləri ümumi daxili məhsulun (ÜDM) 3,5 faizini ötəcək.
ÜDM-də müdafiə xərclərinin payına görə ilk yeri 5,33 faizlə Litva tutacaq. Sonrakı yerlərdə Estoniya (5,10 faiz), Latviya (4,92 faiz), Polşa (4,68 faiz), Yunanıstan (3,65 faiz), Danimarka (3,49 faiz) və İsveç (3,22 faiz) qərarlaşacaq.
Türkiyədə müdafiə xərclərinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,85 faiz olacağı proqnozlaşdırılır. Bu göstəricinin ABŞ üçün 3,17 faiz, Almaniya üçün 2,69 faiz, Fransa üçün 2,22 faiz, Böyük Britaniya üçün 2,56 faiz, İtaliya üçün isə 2,10 faiz olacağı gözlənilir. NATO üzrə orta göstəricinin 2,86 faiz təşkil edəcəyi bildirilir.
Proqnoza görə, müdafiəyə milli gəlirindən ən az vəsait ayıracaq ölkə 1,61 faizlə Sloveniya olacaq. Belçika və İspaniyanın isə bu göstəricisinin 2 faiz səviyyəsində olacağı gözlənilir.
NATO-nun məlumatına əsasən, 2026-cı ildə alyansa üzv 17 ölkənin müdafiə və təhlükəsizliklə bağlı investisiyalar üzrə ÜDM-in 1,5 faizi hədəfini yerinə yetirəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, NATO liderləri 2025-ci ildə Haaqada keçirilən sammitdə 2035-ci ilədək əsas müdafiə xərclərinin ÜDM-in 3,5 faizinə çatdırılması, əlavə olaraq mülki hazırlıq, dayanıqlılıq, innovasiya, kritik infrastrukturun qorunması və müdafiə sənayesinin gücləndirilməsi üçün ÜDM-in daha 1,5 faizinin ayrılması barədə razılığa gəliblər.
MONETAR.AZ