ABŞ-da istehlakçıların yaxın 12 ay üzrə inflyasiya gözləntiləri iyun ayında artaraq 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York Federal Ehtiyat Bankının açıqladığı İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrinə əsasən, təxminən 1300 ev təsərrüfatının iştirak etdiyi sorğuda növbəti 12 ay üzrə median inflyasiya gözləntisi əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi artaraq 3,7 faizə yüksəlib.
Orta müddətli – növbəti üç il üzrə inflyasiya gözləntisi də 0,2 faiz bəndi artaraq 3,3 faizə çatıb ki, bu da 2022-ci ilin iyunundan bəri ən yüksək göstəricidir. Beşillik inflyasiya gözləntisi isə dəyişməyərək 3 faiz səviyyəsində qalıb.
Sorğunun nəticələrinə görə, gələcək inflyasiya ilə bağlı qeyri-müəyyənlik bütün dövrlər üzrə azalıb.
Əmək bazarına dair gözləntilər də yaxşılaşıb. Respondentlər iş tapmaq imkanlarının artdığını, işini itirmək və işsiz qalmaq riskinin isə azaldığını bildiriblər. Ev təsərrüfatlarının gələcək maliyyə vəziyyəti ilə bağlı gözləntiləri daha nikbin olsa da, kredit əldə etmək imkanları ilə bağlı qiymətləndirmələrdə cüzi pisləşmə qeydə alınıb.
İyun ayında benzin qiymətlərinin artımı ilə bağlı gözlənti 3,5 faiz bəndi azalaraq 1,5 faizə enib və bu göstərici 2022-ci ilin avqustundan bəri ən aşağı səviyyə olub.
Ərzaq məhsullarının bahalaşacağına dair gözlənti 0,8 faiz bəndi azalaraq 5 faizə, ali təhsil xərcləri üzrə gözlənti isə 2,3 faiz bəndi geriləyərək 5,7 faizə düşüb.
Bununla yanaşı, səhiyyə xidmətlərinin dəyərinin artacağına dair gözlənti 0,5 faiz bəndi yüksələrək 9,4 faizə, kirayə mənzil xərcləri üzrə gözlənti isə 0,9 faiz bəndi artaraq 8,3 faizə çatıb.
Sorğuda ev təsərrüfatlarının gəlirlərinin artacağına dair gözlənti 3 faizə yüksəlib, istehlak xərclərinin artımı ilə bağlı gözlənti isə 5 faiz səviyyəsində sabit qalıb.
Qeyd edək ki, ABŞ-da istehlak qiymətləri indeksi (CPI) may ayında aylıq müqayisədə 0,5 faiz, illik ifadədə isə 4,2 faiz artmışdı. İyun ayına dair inflyasiya göstəricilərinin iyulun 14-də açıqlanması gözlənilir.
MONETAR.AZ