Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyə həcmini açıqlayıb. FED.az-ın birjaya istinadən təqdim etdiyi bu rəsmi statistika kapital bazarındakı güclər nisbətini aydın şəkildə ortaya qoyur. Cari rəqəmlərə nəzər saldıqda aydın olur ki, yerli bazar artıq sadəcə böyümür, həm də kəskin şəkildə qütbləşir.
Hesabat dövrünün ən diqqətçəkən məqamı "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin qeydə aldığı irihəcmli dövriyyədir. Şirkət 22 milyard 475 milyon mnatdan çox dövriyyə ilə təkcə birinci yerdə qərarlaşmayıb, həm də ən yaxın rəqibini təxminən üç dəfə geridə qoyub. Hətta siyahıdakı digər 12 iştirakçının ümumi dövriyyəsinin cəmi belə "ABB İnvest"in təkbaşına yaratdığı həcmə çata bilmir. Bu rəqəm bazarda ciddi bir dominantlıq nümayişidir və şirkətin institusional müştərilərlə iş keyfiyyətini göstərir.
Reytinqin sonrakı pillələrində də gərgin rəqabət müşahidə olunur. Belə ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 7 milyard 619 milyon manat həcmində dövriyyə ilə ikinci pillədə qərarlaşıb. Əvvəlki dövrlərdə liderlik statusunu qoruyan şirkət, hazırda ABB-nin aqressiv böyüməsi fonunda ikinci yerlə kifayətlənməli olub. Üçüncü yerdə isə fərdi investorlar seqmentində güclü mövqeyə malik olan "Unicapital İnvestisiya Şirkəti" ASC gəlir. Şirkət 4 milyard 493 milyon manatlıq göstərici ilə ilk üçlüyü qapayır. Onu cəmi 162 milyon AZN fərqlə və 4 milyard 331 milyon manatlıq dövriyyə ilə CPM-İnvest izləyir ki, bu da ilin ikinci yarısında bürünc medal uğrunda mübarizənin daha da qızışacağını vəd edir.
Bazarın milyardlıq barajını keçən digər oyunçuları "İnvest-Az" və "Assist Finance" şirkətləridir. "İnvest-Az" 3 milyard 380 milyon AZN, "Assist Finance" isə 2 milyard 134 milyon AZN dövriyyə formalaşdıraraq orta çəkili statuslarını qoruyublar. Nisbətən kiçik həcmli əməliyyat aparan şirkətlərin önündə isə 509 milyon manatla “İnno Kapital” gəlir. Siyahının sonrakı yerlərini müvafiq olaraq 258 milyon manatla Capital Partners, 173 milyon manatla Troni və təxminən 99.6 milyon manatla "Xalq Kapital" bölüşür. Siyahının sonlarında qərarlaşan MFX Trading 36.7 milyon manat, "CFI Financial" isə 22.4 milyon manat dövriyyə ilə hələlik bazarda öz yerini möhkəmlətməyə çalışır. ASC “Xalq” Bankı isə investisiya şirkətlərindən fərqli olaraq birbaşa bank əməliyyatları çərçivəsində 10.1 milyon manatlıq həcmlə reytinqin sonuncu pilləsində yer alıb.
Yekun olaraq qeyd etmək olar ki, 2026-cı ilin ilk yarısının nəticələrinə görə Azərbaycan qiymətli kağızlar bazarında əsas pay 4 şirkətin əlində cəmləşib. Ümumi dövriyyənin təxminən 85%-dən çoxunun məhz ABB İnvest, PAŞA Kapital, Unicapital və CPM-İnvest tərəfindən idarə olunması böyük oyunçuların bazara tam hakim kəsildiyini göstərir.
MONETAR.AZ