TDT təşkilatına üzv ölkələrin İmtahan Mərkəzləri əməkdaşlığı genişləndirir

TDT təşkilatına üzv ölkələrin İmtahan Mərkəzləri

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin imtahan mərkəzlərinin rəhbər heyəti arasında təhsildə qiymətləndirmə və imtahan sistemləri üzrə əməkdaşlığın inkişafına həsr olunmuş onlayn koordinasiya görüşü keçirilib.

Görüşün əsas məqsədi tərəflər arasında bu il aprelin 10-da imzalanmış Niyyət Protokolunda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin icra vəziyyətini müzakirə etmək və gələcək fəaliyyət planlarını müəyyənləşdirmək olub.

Tədbirdə Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi yanında Milli Test Mərkəzinin direktoru N.A. Bayjanov, Qırğızıstanın Təhsil Nazirliyi yanında Təhsilin Keyfiyyətinin İnkişafı Departamentinin direktoru B.S. Shamshidinova, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) sədri B.A. Ersoy, Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik və Kvalifikasiyaların Qiymətləndirilməsi Agentliyinin şöbə müdiri J. Nurmatov, eləcə də Azərbaycan Dövlət İmtahan Mərkəzinin nümayəndələri iştirak ediblər.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında TDT çərçivəsində qiymətləndirmə və imtahan sistemləri üzrə əməkdaşlığın üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına, innovativ yanaşmaların tətbiqinə və insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Müzakirələr zamanı imtahan sistemlərinin rəqəmsallaşdırılması, müasir qiymətləndirmə platformalarının inkişafı, süni intellekt texnologiyalarından istifadə etməklə test tapşırıqlarının hazırlanması, imtahanların təşkili və nəticələrin qiymətləndirilməsi proseslərinə innovativ həllərin inteqrasiyası məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, imtahanların ədalətliliyinin, etibarlılığının və şəffaflığının artırılması məqsədilə birgə elmi tədqiqatların həyata keçirilməsi, metodoloji yanaşmaların uyğunlaşdırılması, qarşılıqlı etimadın gücləndirilməsi, həmçinin türk dillərinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyəcək elmi əsaslı və etibarlı dil qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.