Tramp Hörmüz boğazında 20 faizlik keçid rüsumu planından imtina edib

Tramp Hörmüz boğazında 20 faizlik

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən bütün yük gəmilərinə 20 faiz həcmində keçid rüsumunun tətbiqi ilə bağlı təklifdən imtina etdiklərini açıqlayıb.

Onun sözlərinə görə, bu təşəbbüs əvəzində Körfəz ölkələri ilə ticarət və investisiya sazişlərinin genişləndirilməsinə üstünlük veriləcək.

Tramp sosial media hesabında bildirib ki, Yaxın Şərq liderləri ilə keçirilən məhsuldar danışıqların nəticəsi olaraq 20 faizlik keçid rüsumu planı Körfəz dövlətlərinin ABŞ-də həyata keçirəcəyi ticarət və investisiya layihələri ilə əvəz olunacaq.

ABŞ Prezidenti Körfəz ölkələrinin üzərinə götürdüyü konkret öhdəlikləri açıqlamasa da, planlaşdırılan investisiyaların həm ABŞ, həm də region ölkələri üçün böyük fayda verəcəyini vurğulayıb.

Xatırladaq ki, Tramp bir gün əvvəl Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi qarşılığında bütün yük gəmilərindən 20 faiz keçid haqqı alınmasını təklif etmişdi. Bu təklifdən sonra BMT-nin dənizçilik üzrə agentliyi beynəlxalq dəniz yollarından istifadə edən gəmilərdən belə ödənişlərin alınmasına qarşı olduğunu bildirmişdi.

Tramp, həmçinin qeyd edib ki, Hörmüz boğazı İran istisna olmaqla bütün beynəlxalq gəmiçilik üçün açıq qalacaq. Onun sözlərinə görə, yalnız İran limanlarına gedən və ya İran yükləri daşıyan gəmilərə qarşı məhdudiyyətlər tətbiq ediləcək.

MONETAR.AZ